Media və insan haqları qruplarının yaydığı məlumata görə, ötən bir neçə həftə ərzində Urmiyə və Təbriz şəhərlərində narkotik qaçaqçılığı, eləcə də qətl ittihamı ilə azı 15 nəfər asılaraq edam edilib.
Hüquq müdafiəçiləri edamların çoxunun zindanlarda gizli şəkildə həyata keçirildiyini bildirir.
Ötən həftələr Təbriz zindanında asılanlardan 14 yaşında ikən birini qətlə yetirən Fərdin Cəfəriyan olub.
İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyinə istinadən, Cəfəriyan təqribən 10 gün öncə 18 yaşa çatdıqdan sonra Təbriz mərkəzi zindanının həyətində dara çəkilib.
Edama Qarşı Beynəlxaq Komitə adlı insan haqları təşkilatı keçən bir həftə ərzində narkotik qaçaqçılığı ilə ittiham edilən 11 nəfərin Urmiyə mərkəzi zindanında asılaraq edam edildiyini bildirib. Bunların beşinin edam hökmü oktyabrın 27-də həyata keçirilib.
Komitənin yaydığı hesabatda asılanlardan 10 nəfərin adı çəkilib: Hacı Rəşid Əlizadə, Lətif Məhəmmədi, Yunus Gülbaba, Rza Təhmasibi, Əlaəddin Behnam, Nicat Kərimi, İsfəndiyar Qəhrəmani, Arəş Sigari, Fəxrəddin Zindədil və Bəhram Sədiqi.
Komitə həmçinin 8 digər məhkumun yaxın zamanda edam ediləcəyini xəbər verib. Qaçaqmalçılıq və qətl ittihamı ilə məhkum edilmiş 8 məhbus oktyabrın 26-da təkadamlıq kamerya köcürülüb.
Urmiyə Mərkəzi zindanında asılanların əksəriyyətinin Azərbaycan kürdlərindən olduğu qeyd edilib.
Yarı-rəsmi Mehr agentliyi isə üç həftə öncə təcavüz ittihami ilə məhkum edilmiş dörd gəncin Təbriz zindanında asıldığını yazıb.
Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahid yaydığı yeni hesabatda iyul 2013-dən iyun 2014 tarixinə qədər 8-i yeniyetmə olmaqla İranda azı 852 nəfərin edam edildiyini qeyd edib.
Edamların kəskin artdığını bildirən BMT nümayəndəsi bəyanatında “narahatedici artım” ifadəsinə yer verib.
“İranda narkotik maddə qaçaqmalçılığı ilə ittihamı edilənlərin əksəriyyəti yoxsul insanlar, habelə qadınlar, etnik qruplar, dini azlıqlar və xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilirlər”,-deyə Amnesty International-ın bəyanatında qeyd edib.