Ural Hatəmi: 40 ildir zülm əkən İran dövləti artıq əkdiyini biçməyə başlayıb

Ural Hatəmi bu gün İranda baş qaldıran xalq üsyanını 2017-ci ilin son günlərində yoxsul təbəqələrin başlatdığı hərəkatın davamı olaraq dəyərləndirir. Amerikanın Səsinə danışan sosioloqun sözlərinə görə, 2017-ci ilin dekabr ayında yoxsul siniflərin başladığı üsyanla İran siyasətində yeni bir dönəm başladı.

Your browser doesn’t support HTML5

Ural Hatəmi: 40 ildir zülm əkən İran dövləti artıq əkdiyini biçməyə başlayıb

İranda benzin qiymətinin artması ardından müxtəlif vilayətlərdə baş qaldıran kütləvi aksiyalarda, beynəlxalq insan haqları qruplarına istinadən, yüzdən artıq vətəndaş həlak olub.

Ural Hatəmi deyir ki, “biz bu etirazlara bir neçə gün öncə başlayan etirazlar kimi baxmamalıyıq. Belə düşünürəm ki, 2017 dekabr ayında İran dövləti, İran siyasəti və İran xalqı üçün yeni bir dönəm başladı. Bu, yoxsulların, acların, rifah səviyyəsi aşağı olan insanların, zərər çəkmişlərin, alt sinifin, yəni nefdən, ölkənin ticarətindən və iqtisadiyyatından payını ala bilməyib, yoxsul qalan insanların etirazı ilə başladı.”

“Maduniyyət” jurnalının yazarı hesab edir ki, bu yeni dönəmin başlaması ilə, artıq Həsən Ruhani kimi siyasətçilərin İslam Respublikasını ayaqda saxlamaq istiqamətində yürütdükləri siyasətin də dəftəri qapanmışdır.

SEE ALSO: Amnesty International: İranda 106 etirazçı öldürülüb

“Mənə görə, bu iki ildə, xüsusilə də bu günlərdə olanlar artıq o siyasi cərəyanların dəftərini qapatdı. O ‘islahat’ söyləmi, və ya Həsən Ruhani kimilərin islahatdan biraz fərqli olaraq ‘ümid’ söyləmi, yəni bu hakimiyyəti ayaqda tutmq üçün olan bütün bu söyləmlərin İranda istifadə müddəti artıq bitdi. Artıq heç bir siyasi cərəyan bunları görmədən, yəni yoxsulluğu, işsizliyi və rantı görmədən İranda siyasət apara bilməz,” o ifadə edir.

Zəncan - 16 noyabr 2019

Hatəminin söylədiklərinə görə, yoxsul və məhrum siniflər həm İran dövlətinə qarşı, həm də illərdir bu siniflərin problemlərini görməzdən gələn digər siyasi kəsimlərə qarşı bir üsyan başladıblar.

Yoxsul və məhrum siniflər həm İran dövlətinə qarşı, həm də illərdir bu siniflərin problemlərini görməzdən gələn digər siyasi kəsimlərə qarşı bir üsyan başladıblar.


O, İran hakimiyyətinin iki il əvvəlki kütləvi etirazlardan dərs almadığını önə çəkir:

“2017 ilində meydana gələn və o günlərdə də dövlət tərəfindən çox ağır şəkildə, şiddət və zorakılıqla basdırılan o hadisələr əslində dövlətə bir mesaj idi. Dövlət nə qədər diktator olsa belə, ağıllı olsaydı, bunu bilməli idi ki, bu məsələni həll etməsi lazimdir. Yəni yoxsullara yetişməsi lazimdir.”

Hatəmi deyir ki, “40 ildir zülm əkən dövlət bu gün əkdiyini biçməyə başlayıb.”

“Bu dövlət iki il əvvəldən bəri 38 il əvvəldən əkdiyini biçir. Nə əkdi? Bütün o basqılar, əzmələr, haqsızlıqlar, korrupsiya, ayrı-seçkiliklər, rant (icarə), xalqın haqqını öz ideologiyası doğrultusunda başqa ölkələrə xərcləmək. Əkdiyi bu zülmü 2 il əvvəldən biçir və bunun nəticəsini görəcəyik. Etirazlar davam edir.”

İranlı siyasi fəallar İranda baş verən olaylarla bağlı beynəlxalq ictimaiyyətin münasibətini tənqid edirlər.

Ural Hatəmi bu tənqidlərə qatıldığını bildirir. Onun sözlərinə görə, “bugün İranda yaşananlara baxanda, dövlətin tətbiq etdiyi bu qədər şiddət, bu qədər zorakılıq, bu qədər insanlıqdan uzaq əməllərə baxanda, beynəlxalq təşkilatlar və ölkələrdən biz İslam Respublikasına qarşı bir şey eşitmirik. Dürüst yanaşmırlar. Beynəlxalq təşkilatlar, xüsusilə də Avropa dövlətləri böyük bir imtahandan keçirlər.”