Accessibility links

İran Azərbaycanında hakimiyyətyönlü yürüşlər təşkil edilir


Urmiyə - 16 noyabr 2019
Urmiyə - 16 noyabr 2019

İran dövlət agentlikləri bildirir ki, İran Azərbaycanının müxtəlif şəhərlərində ölkənin ali dini lideri Ayətulla Xameneyinin “buyuruqlarına dəstək” bildirmək və keçən günlərdəki “iğtişaşları” pisləmək məqsədilə "xalq" yürüşləri təşkil olunur.

Hökümətin benzin qiymətini 3 dəfə artırmasının ardınca, noyabrın 16-dan etibarən ölkənin müxtəlif bölgələrində, o cümlədən İran Azərbaycanında kütləvi etirazlar baş qaldırıb.

Xameneyi və Prezident Həsən Ruhaninin göstərişlərinə əsasən, ölkənin bir çox bölgəsində kütləvi aksiyalar qanlı şəkildə yatırılıb.

Polis və hərbi qüvvələrin tətbiq etdiyi zorakılıqlar bəzi şəhərlərdə bir neçə etirazçının ölümü ilə nəticələnib. Qeyri-rəsmi mənbələr onlarla etirazçının həatını itirdiyini bildirir. Rəsmi mənbələr ölü və yaralılar haqqında hər hansı bir məlumat vermir, minlərlə “iğtişaşçının” saxlanıldığını bildirirlər.

Noyabrın 16-dan bəri İranda internet əlaqəsi haradasa tamamilə dayandırılıb. Beynəlxalq qurumların məlumatına əsasən, keçən iki gündə İranda internet bağlantısı normal durumun 10 faizindən də aşağı enib.

“Təsnim” xəbər agentliyinə əsasən, noyabrın 18-də bəzi şəhərlərdə hakimiyyətyönlü yürüşlər təşkil olunub. Zəncanda keçirilən yürüşə yerli rəsmilər, imam-cümə və hərbi komandirlər qatılıb.

Dövlət agentliklərinin bildirdiyinə görə, noyabrın 19-da isə, Təbrizdə “rəhbərin buyuruqlarına dəstək” bildirmək və keçən günlərdəki “iğtişaşları” məhkum etmək məqsədilə “xalq yürüşləri” təşkil olunacaq.

Xameneyi benzin qiymətlərinin artırılmasına dair qərara dəstəkləyərək etirazçılara qarşı sərt ölçülər götürülməsini istəyib. O, etirazçıları “iğtişaşçı” adlandırıb.

Təbriz imam-cüməsi və İranın dini liderinin Şərqi Azərbaycandakı nümayəndəsi Seyyid Məhəmmədəli Ali-Haşimin Təbrizdə yürüşə qatılanlara nitq söyləyəcəyi bildirilir.

XS
SM
MD
LG