İran və güclü dövlətlər arasında əldə edilmiş nüvə razılaşmasından sonra İrana qarşı beynəlxalq sanksiyaların tədricən qaldırılması gözlənilir. Bu durum bölgə ölkələri arasındakı enerji ticarəti üzərində nə kimi təsirlər buraxacaq? Amerikanın Səsi ilə söhbətdə bu mövzunu müzakirə edən Umud Şükri sanksiyaların aradan qaldırılması ilə bərabər İran, Türkiyə, Azərbaycan Respublikası və İraq kimi ölkələr arasında ticari-iqtisadi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini dəyərləndirib. “İran-Türkiyə Əlaqələrində Enerjinin Rolu” adlı kitabın müəllifi həmçinin yeni vəziyyətin tədricən stabilləşməsi ilə İran Azərbaycanından olan iş adamları üçün yaranacaq potensial fürsətlər haqqında danışıb.
Your browser doesn’t support HTML5
Təhrimlər (sanksiyalar) nəticəsində İranın neft bazarındakı yerini İraq, Səudiyyə Ərəbistanı və Rusiya aldı. Öz payını geri almaq və keçmişdəki istehsal gücünü yenidən əldə etmək üçün İranın zamana ehtiyacı vardır. Amma, Avropa Birliyi ölkələri İrandan neft almaq istəyirlər.Umud Şükri
Umud Şükri ən çox Çin, Hindistan, Türkiyə, Yaponiya və Cənubi Koreya kimi ölkələrə neft satan İran İslam Respublikasının sanksiyaların ləğvi ilə Avropa Birliyi ölkələrinə də neft ixracatına başlaya biləcəyini deyir:
“Təhrimlər (sanksiyalar) nəticəsində İranın neft bazarındakı yerini İraq, Səudiyyə Ərəbistanı və Rusiya aldı. Öz payını geri almaq və keçmişdəki istehsal gücünü yenidən əldə etmək üçün İranın zamana ehtiyacı vardır. Amma Avropa Birliyi ölkələri İrandan neft almaq istəyirlər.”
Onun dediyi rəqəmlərə əsasən, İranın bölgədəki ən böyük enerji tərəfdaşı olan Türkiyənin İrandan aldığı neftin miqdarı sanksiyalar səbəbi ilə təqribən yarıya düşmüşdü.
Hazırda Türkiyənin neft ehtiyacını müvafiq olaraq ən çox İraqın şimalındakı Kürd bölgəsi, İran, Rusiya və Azərbaycan Respublikasından təmin etdiyini söyləyən Şükri sanksiyaların götürülməsi ilə İranın yenidən Türkiyəyə ən çox neft ixrac edən ölkə olması üçün önəmli səbəblərin mövcud olduğunu önə çəkir.
“İranın neft qiyməti Türkiyə üçün daha uyğundur. Əlavə olaraq, Türkiyə İran neftini alıb pulunu isə daha sonra ödəyə bilir. İran hər zaman Türkiyəyə belə üstünlüklər verib və bu, çox önəmlidir.”
Umud Şükri İran-Türkiyə arasında enerji ticarətinin yenidən genişlənməsinin ümumiyyətlə bütün sahələrdə ticari-iqtisadi münasibətlərin artmasına yol açacağını və bu durumda İran Azərbaycanı və Tehranda yaşayan türklər, xüsusilə iş adamları üçün potensial fürsətlər yaradacağını qeyd edir.
Enerji ekspertinin sözlərinə görə, sanksiyalar ləğv edilsə, İran bazarı bütün xarici şirkətlərə açıq olacaq. Türkiyə şirkətləri anlaya bilsələr, Avropa Birliyi ölkələri ilə müqayisədə daha yaxşı fürsət və mənfəət əldə edə bilərlər... İran Azərbaycanında fəaliyyət göstərən iş adamlarının bu potensialdan istifadə etməsi isə yerli məsulların buna necə şərait yaradacağından asılıdır.
Türkiyədə yaşayan ərdəbilli araşdırmaçının fikrincə, Türkiyə-İran arasındakı ticarət səviyyəsinin yüksəlməsi Azərbaycan və İran arasında ticari-iqtisadi münasibətlərə də təsir buraxacaq.
O, Trans-Anadolu boru xətti layihəsinə (TANAP) işarə edərək təbii qaz layihələrinin İran, Türkiyə və Azərbaycan Respublikasını bir araya gətirə biləcək amil ola biləcəyini vurğulayır.