Accessibility links

"Vyanadan Urmiyəyə Ruhaninin vədləri"


Həsən Ruhani (2013 ili Urmiyə səfəri)
Həsən Ruhani (2013 ili Urmiyə səfəri)

Yerli media Ruhaninin ölkə xarici və daxilində verdiyi sözlərdən yazır

İyulun 14-də Vyanada İran və dünyanın altı ən güclü dövləti arasında əldə edilmiş nüvə razılaşmasından sonra müxtəlif ictimai təbəqələr, siyasi cərəyanlar və etnik qruplar Həsən Ruhaninin ölkə daxilində verdiyi sözlərin də yerinə gətirilməsinin zamanının çatdığını vurğulayırlar.

Bu istiqamətdə qeyri-fars qruplar, dini azlıqlar, müəllim birlikləri, siyasi müxaliflər, jurnalistlər, tələbələr, hüquq müdafiəçiləri və qadın haqları fəalları müxtəlif yazılar və bəyanatlar yayımlayaraq fərdi azadlıqlar və etnomədəni haqların genişlənməsi, siyasi məhbusların azadlığı, müxalif liderlərin ev həbsinə son verilməsi və iqtisadi bərabərliyin təmin olunmasını tələb edirlər.

Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə fəaliyyət göstərən Durna News internet qəzetinin dərc etdiyi “Vyanadan Urmiyəyə Ruhaninin vədlərinin gerçəkləşməsi gözləyişi” başlıqlı yazıda prezidentin Azərbaycan vilayətlərində verdiyi vədləri yerinə yetirməyin o qədər də çətin və yorucu olmayacağı qeyd edilib.

Təbriz əhalisi prezident Ruhaniyə qırmızı kart göstərir (May 2015)
Təbriz əhalisi prezident Ruhaniyə qırmızı kart göstərir (May 2015)

“Cənab prezident, siz xüsusilə ölkə daxilində başqa sözlər də vermişdiniz. Bəlkə onları gerçəkləşdirmək o qədər də çətin və nəfəskəsici olmasın. Bu sözlərin yerinə yetirilməsi sizə və ölkəyə xərci olmayacaq, hətta xeyr və bərəkət də gətirəcəkdir...” deyə internet qəzetinin yazısında xaricdə verilən vədlərlə müqayisədə ölkə əhalisinə verilmiş sözlərə əməl etməyin daha asan və xərcsiz olduğu önə çəkilib.

Həmçinin Təhminə Milani, Fəriburz Rəyis Dana, Sadiq Ziba Kəlam, Əli Şəkuri Rad kimi bəzi tanınmış sənətçi, universitet müəllimi və millət vəkilləri də Vyana razılaşmasından sonra ölkə daxilində mövcud olan problemlərin həlli, o cümlədən insan haqları durumunun yaxşılaşması istiqamətində ciddi addımların atılması üçün zamanın çatdığını ifadə ediblər.

2009-cu il prezident seçkilərinin namizədi və hazırda ev dustaqlığında saxlanılan Mehdi Kərrubiyə yaxınlığı ilə tanınan Saham News veb səhifəsində nəşr edilən bir bəyanatda isə siyasi məhbuslar və ev həbsində olan liderlərin sərbəst buraxılması tələb edilib.

İran Azərbaycanının müxtəlif vilayətlərində bir çox jurnalist, yazar, türk dil haqları müdafiəçisi, siyasətçi və millət vəkilləri prezident Həsən Ruhaninin “Urmiyə Gölünün canlandırılması”, “Türk Dil Qurumunun” təsisi və ana dilində təhsil haqqının təmin edilməsinə dair verdiyi sözlərin yerinə yetirilməsi istiqamətində hər hansı ciddi bir addımın atılmadığını bildirirlər.

XS
SM
MD
LG