Umud Evrən: Güney təşkilatlarının tərtib etdiyi gələcəyin nə olduğu bilinmir [Audio-Müsahibə]

Umud Evrənin fikrincə, güney təşkilatlarını “düşüncə strukturu, bəsləndikləri fikri qaynaqlar və fəaliyyət göstərdikləri ictimai zəminə görə” fərqli kateqoriyalara ayırmaq çətindir. Siyasi şərhçi Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında cərəyan edən milli hərəkata mənsub təşkilatların dünya görüşü, proqramları, fəaliyyətləri, habelə istifadə etdikləri siyasi ədəbiyyatı dəyərləndirib.

Your browser doesn’t support HTML5

Umud Evrən Amerikanın Səsinə danışır

Umud Evrən deyir, “bizdəki bu siyasi təşkilatları düşüncə yapıları, ya bəsləndikləri fikri qaynaqlar və fəaliyyət göstərdikləri ictimai zəmin habelə istifadə etdikləri siyasi ədəbiyyat və söyləmlərinə görə çox çətinliklə fərqli kateqoriyalara ayırmaq olar.”

Təşkilatlar arasında fikri fərqlilik olmasa da, sosioloji baza olaraq fərqliliklər vardır. Misal üçün, deyə bilərik ki, bir təşkilat Azərbaycanın qərbində, başqa birisi də Azərbaycanın başqa bölgələrində fəaldır.
Umud Evrən

Amma o, bu təşkilatların beynəlxalq əlaqələri və sahib olduqları ictimai baza etibarı ilə bir-birilərindən fərqləndiyini ifadə edir.

Onun sözlərinə görə, “təşkilatlar arasında fikri fərqlilik olmasa da, sosioloji baza olaraq fərqliliklər vardır. Misal üçün, deyə bilərik ki, bir təşkilat Azərbaycanın qərbində, başqa birisi də Azərbaycanın başqa bölgələrində fəaldır. Bu bölgə fərqi özü o təşkilatların sosioloji bazalarının fərqli olduğunu göstərir. Bu təşkilatların beynəlxalq əlaqələrinə baxdığımızda, biz bunların düşüncələrində, dünyaya baxışlarında və izlədikləri strategiyalarda fərqlər görə bilirik.”

Umud Evrən əlavə edir, “bu gün var olan siyasi təşkilatların çoxu sağda və sağın da aşırı ucunda yer alırlar. Aşırı uclarda olduqları üçün ictimai legitimliklərinin də zəif olduğunu görürük. Yəni, onlar ancaq toplumun aşırı uclarını cəzb edə bilirlər. Misal üçün bizim gəlib burada liberal bir təşkilat axtarmağımız faydasızdır. Toplumun içində belə insanlar ola bilər amma bunlar hələ ki hərəkətə keçməyiblər”.

İran hakimiyyətinin eyləməri və gündəmlərinə görə hərəkət edirlər. Bu səbəblə, biz bunların hədəflərini ya dizayn etdikləri gələcəyi bilmirik.
Umud Evrən

Siyasi şərhçi həmçinin müasir təşkilatlanma forması baxımından da ciddi problemlərin mövcud olduğunu önə çəkir.

“Bir də təşkilatın konseptinə baxanda, bizim təşkilatdan anladığımız əski bir təşkilatlanma şəklidir. Bugünkü forma o əski forma deyil. Bu gün şəbəkə növü və başqa təşkilatlanma növləri vardır. Buna görə də, güney təşkilatları özlərini ifadə edə bilmirlər. Biz bunların hədəflərini görə bilmirik. Daha çox təpkisəl (reaktiv) əməl edirlər. Öz gündəmləri olmur. İran hakimiyyətinin eyləməri və gündəmlərinə görə hərəkət edirlər. Bu səbəblə, biz bunların hədəflərini ya dizayn etdikləri gələcəyi bilmirik,” deyə o əlavə edir.