Rusiyanın Qara dəniz donanmasının Sevastopolda qərargahı dronla vurulub

Sevastopol qubernatoru Mixail Razvojayevin Telegram kanalında yayımlanan bu fotoda Razvojayev (mərkəzdə) Rusiya Qara Dəniz Donanmasının Rusiya tərəfindən ilhaq edilmiş Krımda yerləşən Sevastopol şəhərindəki qərargahında partlayışın baş verdiyi yerdə dayanıb, 31 iyul 2022.

Yerli rəsmilərin bildirdiyinə görə, bazar günü əldəqayırma dronun daşıdığı kiçik partlayıcı qurğunun Rusiyanın Qara dəniz donanmasının Krım yarımadasındakı qərargahına düşərək partlaması nəticəsində 6 nəfər yaralanıb. Ukrayna isə Rusiyanın raket hücumu nəticəsində ölkənin ən zəngin adamlarından biri, Ukraynanın ən böyük taxıl istehsal və ixrac edən şirkətlərindən birinin sahibinin öldüyünü bildirib.

Liman şəhəri Sevastopolda Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə bayram mərasimlərinin ləğv edilməsinə səbəb olan pilotsuz təyyarə hücumuna görə məsuliyyəti dərhal öz üzərinə götürən olmayıb. Lakin Associated Press agentliyinin verdiyi məlumata görə, improvizə edilmiş və kiçik miqyaslı kimi nəzərə çarpan hücumun 2014-cü ildə Rusiyanın ələ keçirdiyi ərazidə ukraynalı döyüşçülər tərəfindən keçirildiyi ehtimalı yüksəkdir.

Qara Dəniz Donanmasının mətbuat xidməti dronun evdə hazırlandığını və partlayıcı qurğunun az gücə malik olduğunu bildirib.

Bazar günü həmçinin Ukraynanın cənubundakı Mikolayev şəhərinin qubernatoru Vitali Kimin Telegram kanalında bildirdiyinə görə, Rusiya tərəfindən Mikolayevə gecə və bazar günü səhər tezdən ağır zərbələr endirilməsi nəticəsində ölkənin ən böyük taxıl istehsal edən və ixrac edən şirkətlərindən birinin sahibi Aleksey Vadaturski onun həyat yoldaşı Raisa həlak olub.

Ukraynanın ən zəngin adamlarından biri olan Vadaturski taxıl istehsalı və ixracı biznesinə rəhbərlik edirdi. Baş ofisi Rusiyanın işğal etdiyi Xerson vilayəti ilə həmsərhəd olan strateji əhəmiyyətə malik Mikolaevdə yerləşən “Nibulon” şirkəti buğda, arpa və qarğıdalı istehsalı və ixracı üzrə ixtisaslaşıb. Şirkətin öz donanması və gəmiqayırma zavodu var.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Vadaturskinin məqsədli şəkildə hədəf alındığını bildirib.

Bazar günü Rusiyanın Hərbi Dəniz Qüvvələri Günüdür. Reuters agentliyinin verdiyi məlumata əsasən, Prezident Vladimir Putin Hərbi Dəniz Qüvvələri Günündə Rusiyanın qlobal dəniz ambisiyalarını əks etdirən 55 səhifədən ibarət yeni hərbi dəniz doktrinasını imzalayıb. Doktrinada Rusiya donanmasının geniş strateji məqsədləri, o cümlədən bütün dünyada “böyük dəniz gücü” kimi ambisiyaları müəyyən edilir.

Sənəddə deyilir ki, Rusiya üçün əsas təhlükə “ABŞ-ın dünya okeanlarında hökmranlıq etmək üçün strateji siyasəti” və NATO hərbi alyansının Rusiya sərhədlərinə yaxınlaşmasıdır.

Putin Hərbi Dəniz Qüvvələri Günü ilə bağlı çıxışı zamanı Ukraynada münaqişədən bəhs etməsə də, hərbi doktrina Qara və Azov dənizlərində “Rusiyanın geosiyasi mövqelərinin hərtərəfli gücləndirilməsini” nəzərdə tutur.

Rusiya prezidenti Sankt-Peterburqda keçirilən illik Hərbi Dəniz Günü paradında iştirak edərək bildirib ki, Rusiya Hərbi Dəniz Qüvvələri yaxın bir neçə ay ərzində, onun sözləri ilə, “möhtəşəm” hipersəsli Zirkon qanadlı raketlər almağa hazırlaşır.

Hipersonik silahlar ən azı 5 Max sürətlə uçur, yüksək manevr qabiliyyətinə və uçuş zamanı kursu dəyişmək qabiliyyətinə malikdir. Onlar ən azı 5 Max hipersəs sürətində də hərəkət edə bilən, lakin əvvəlcədən müəyyən edilmiş trayektoriyalara və məhdud manevr qabiliyyətinə malik olan ballistik raketlərdən fərqlənir.

Yüksək manevr qabiliyyətinə malik hipersəs sürətində silahların buraxılması hər bir ölkəyə mühüm üstünlüklər verir, çünki bu cür silahlar hazırda istifadə olunan demək olar ki, istənilən müdafiə sistemindən yayına bilər.

“Təhlükənin nədən ibarət olmasının əhəmiyyəti yoxdur. Əgər siz bunu görə bilmirsinizsə, ona qarşı müdafiə oluna bilməzsiniz,” ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədr müavini general Con Hayten 2020-ci ildə yanvar ayında Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Bu arada, Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri bazar günü Twitter səhifəsində bildirib ki, Ukraynanın şərqindəki Olenivka həbsxanasının görüntüləri partlayışın Rusiyanın nəzarəti altında olan binanın içindən törədildiyini göstərir. Cümə günü partlayış zamanı azı 53 ukraynalı hərbi əsir həlak olub.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü ölkənin şərqində Rusiyanın tam nəzarəti ələ keçirməyə çalışdığı zaman şiddətli döyüşlərə səhnə olan Donetsk vilayətindən insanların evakuasiya edilməsinə çağırıb.

Uşaqlar və qocalar da daxil olmaqla, yüz minlərlə insan Donetsk və Luqanskın daxil olduğu Donbas bölgəsinin döyüş bölgələrində qalır. Bu, həm də bu həftənin əvvəlində ukraynalı hərbi əsirlərin raket hücumu nəticəsində həlak olduğu bölgədir.