Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü ölkənin şərqində Rusiyanın tam nəzarəti ələ keçirməyə çalışdığı zaman şiddətli döyüşlərə səhnə olan Donetsk vilayətindən insanların evakuasiya edilməsinə çağırıb.
Uşaqlar və qocalar da daxil olmaqla, yüz minlərlə insan Donetsk və Luqanskın daxil olduğu Donbas bölgəsinin döyüş bölgələrində qalır. Bu, həm də bu həftənin əvvəlində ukraynalı hərbi əsirlərin raket hücumu nəticəsində həlak olduğu bölgədir.
Zelenski açıqlamanı şənbə günü Ukrayna xalqına gecə saatlarında videomüraciəti zamanı verib.
“Donetsk vilayətini indi nə qədər çox insan tərk etsə, Rusiya ordusu daha az insanı öldürə biləcək,” Zelenski bildirib. Reuters agentliyinin verdiyi məlumata əsasən, o, regionu tərk edən sakinlərə təzminat veriləcəyini əlavə edib.
Zelenski insanları tərk etməyə inandırmaq üçün maddi-texniki dəstək vəd edib.
“Çoxları getməkdən imtina edir, lakin bunu etmək lazımdır,” Ukrayna prezidenti bildirib. “Əgər imkanınız varsa, Donbasda hələ də müharibə zonasında qalanlarla danışın. Xahiş edirəm, onları getməyə inandırın,” o əlavə edib.
Ukrayna şənbə günü Rusiyanın Ukraynanın şərqində Rusiyanın nəzarətində olan təcridxanada onlarla ukraynalı hərbi əsirin ölümünə səbəb olan raket hücumuna görə məsuliyyətə cəlb edilməsini tələb edib.
Ukrayna hökuməti şənbə günü Birləşmiş Millətlər Təşkilatını və Beynəlxalq Qızıl Xaç Komitəsini cümə günü baş verən hücumu dərhal araşdırmağa çağırıb.
Raket hücumu ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən qəzəb artdıqca, BMT həbsxanaya hücumun araşdırılmasına kömək edəcəyinə söz verib.
“Olenivka həbsxanasında baş vermiş son faciə ilə əlaqədar olaraq, tərəflərin razılığını tələb edən araşdırma apara bilən ekspertlər qrupunu göndərməyə hazırıq,” BMT baş katibinin sözçünün müavini Fərhan Haq şənbə günü açıqlanan bəyanatda bildirib.
Rusiya və Ukrayna hücumu törətməkdə bir-birini ittiham edib. İddiaların heç birinin müstəqil şəkildə yoxlanılması mümkün olmayıb. Hələlik heç bir beynəlxalq yardım təşkilatına bombalanmış əraziyə giriş icazəsi verilməyib. Qırmızı Xaç komitəsi yaralıların təxliyəsinə kömək etmək üçün əraziyə giriş imkanı verilməsini istəyib.
Reuters agentliyinin verdiyi məlumata görə, Rusiya bazar günü açıqladığı bəyanatda BMT və Qırmızı Xaç komitəsinin ekspertlərini həbsxanada ölüm faktlarını araşdırmaq üçün dəvət etdiyini bildirib.
Müdafiə Nazirliyi verdiyi açıqlamada həftənin əvvəlində həbsxanaya edilən hücumla bağlı “qərəzsiz araşdırma aparmaq maraqları naminə” hərəkət etdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi Rusiyanın işğalı altında olan Donetsk vilayətində yerləşən təcridxanada 40 məhbusun öldürüldüyünü, 75 nəfərin isə yaralandığını bildirib. Rusiya Ukraynanın öz döyüşçülərinin Rusiya qüvvələrinə təslim olmasının qarşısını almaq məqsədilə həbsxananı vurmaq üçün Amerika istehsalı olan silahlardan istifadə etdiyində israr edib.
Ukrayna hərbi qüvvələri bu iddianı rədd edib və bildirib ki, Rusiya artilleriyası əsirlərlə pis rəftarı ört-basdır etmək üçün həbsxananı atəşə tutub.
Ukrayna prezidenti Vladimir Zelenski hücumu Rusiyanın qəsdən törətdiyi hərbi cinayət və ukraynalı hərbi əsirlərin kütləvi qətli adlandırıb.