Məhkəmə AXCP sədri Əli Kərimlinin oğluna 25 sutka həbs verib

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli

Lider oğlunun saxlanmasını iqtidarın ona qarşı qisiasçılığı kimi qiymətlənidirir
Sentyabrın 23-də Nəsimi Rayon Məhkməsi AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimliyə 25 sutka və onunla birgə saxlanılan Ülvi Nuriyevə 25 və Coşqun Salahova 30 sutka inzibati qaydada həbs verib.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, qərar Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisə tabe olmamaq) maddəsi əsasında çıxarılıb.

Vəkil bildirib ki, məhkəmə qərar çıxararkən polis işçilərinin ifadələrini əsas götürüb.
“Protokol tərtib edilərkən əvvəlcə yüngül cərimə yazılsa da, sonradan protokolda işi ağırlaşdırıblar”, deyə vəkil qeyd edib.

Vəkil apellyasiya şikayəti veriləcəyinin də qaçılmaz olduğunu bildirib

--------------------------------------------

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin oğlu Türkel Kərimli sentyabrın 22-də polis tərəfindən saxlanılıb

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə bildirib ki, polis Türkel və dostlarını şəhərin mərkəzində gəzərkən saxlayıb. Guya onlar nə vaxtsa seçki plakatlarını cırıblar. Türkel və dostları gecə Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsində saxlanılıb. Bu gün isə məhkəməyə aparılıb.

“Bu mənim ailəmə və mənə qarşı aparılan qisasçılıq hərəkətinin davamıdır. Oğlumu dünənku mitinqdəki çıxışımdan sonra saxlayıblar”, - o qeyd edib.

Xatırladaq ki, Əli Kərimlinin oğliu Böyük Britaniyanın Bristol Universitetinin hüquq fakultəsinin tələbəsidir. Onun sentyabrın 24-də dərsləri başlayır və Londona getməlidir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Amerikanın Səsinı bildirib ki, Türkel Kərimli daha 2 nəfərlə birgə şəhərdə prezidentliyə namizədlərin seçki plakatlarını cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

"Sentyabrın 22-də axşam saatlarında paytaxtın Nəsimi rayonunda 3 nəfər şəxs prezidentliyə namizədlərin seçki ilə bağlı plakatları cırarkən polis əməkdaşları bunu görüb və onları nizam-intizama riayət etməyə dəvət ediblər. Lakin sərxoş vəziyyətdə olan bu şəxslər polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərməyə və hay-küy salmağa başlayıblar. Bununla əlaqədar onlar polislər tərəfindən saxlanılıblar. Həmin şəxslər barəsində məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sənədləşdirilərək barələrində protokol tərtib olunub və baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib."

Mansurzadənin sözlərinə görə, bəzi KİV-də yayılan məlumatların əksinə olaraq, həmin şəxslər saxlanılarkən onların kimliyi və hansı siyasi partiyaya mənsub olduqları barədə məlumatları olmayıb.