Tehranda 8 türk dil haqları fəalı məhkəməyə çıxarılıb

Fəallar 2014-cü ildə Ana Dili Günü tədbirinə qatıldıqları zaman həbs edilmişdilər

2014-cü il fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Günü mərasiminə qatıldıqları zaman həbsə alınmış və daha sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmış 8 türk dil haqları müdafiəçisi iyunun 16-da məhkəməyə çıxarılıblar.

Bu haqda məlumatı internet xəbər portalları məhkəməyə çıxarılan fəallardan biri Əlirza Fərşiyə istinadən yayıblar.

Yayılan məlumata istinadən hakim Həsəninin sədrliyi altında təşkil olunan inqilab məhkəməsində Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi, Mənsur Fəthi, Mahmud Ocaqlı, Rustəm Kazımpur və Əziz Fərşi “milli təhlükəsizliyi pozmaq məqsədilə cəmiyyət təşkilində iştirak etmək” ittihamı ilə mühakimə olunurlar.

Əlirza Fərşinin bildirdiyinə görə, vəkil Cəfər Afşarniya tərəfindən müdafiə edilən müttəhimlərin altısının mühakiməsi bu gün tamamlanıb. Lakin, iş vaxtının bitdiyinə görə, Əlirza Fərşi və Mənsur Fəthinin mühakiməsi gələn həftəyə qədər təxirə salınıb.

Bu fəallar 2014-cü ilin fevral ayında Dünya Ana Dili Gününü qeyd etmək üçün Mənsur Fəthinin anasının evində bir araya gəldikləri zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdilər. Onlar bir neçə ay Evin həbsxanasında sorğu-suala çəkilərək nəzarətdə saxlanıldıqdan sonra pul müqabilində zaminə buraxılıblar.