IRNA: Traktorsazinin Türkiyə toplanışı ləğv edildi

Traktor sazi

İran xəbər agentlikləri Traktorsazi (Tarxtor) futbol komandasının 10 günlük Türkiyə toplanışının ləğv edildiyinə dair məlumat yayıblar. Bu məlumata görə, Traktorsazinin təlim-məşq toplanışı Türkiyədə deyil, Tehranda təşkil olacaq.

Dünyanın ən çox tərəfdarı olan türk komandası kimi tanınan Təbrizin Traktorsazi futbol klubu daha əvvəl iyul ayının 3-də Türkiyədə təlim-məşq toplanışı təşkil edəcəyini və bu çərçivədə Türkiyə komandaları ilə hazırlıq matçları keçirəcəyini bildirmişdi.

Traktorsazi və Beşiktaş klublarının məsulları bir neçə həftə öncə Türkiyədə hazırlıq matçı keçirəcəklərini açıqlamışdılar.

Lakin, İranın rəsmi dövlət agentliyi İRNA-nın iyunun 27-də yayımladığı xəbərə istinadən, Traxtor komandasının Türkiyə toplanışı ləğv edilib və komanda Türkiyə yerinə iyulun 3-də Tehrana gedəcək.

İRNA Türkiyə səfərinin ləğvinin səbəbləri barədə məlumat verməyib.

Bir neçə həftə öncə İranın yarı-rəsmi xəbər agentliyi Tasnim bu yaxınlarda Traktorsazi ilə Türkiyə çempionu Beşiktaş arasında hazırlıq matçı keçiriləcəyinə dair məlumat yaymışdı.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan “Traxtor” komandası davamlı olaraq Türkiyə mediası, o cümlədən Hürriyet, Milliyet və Yeni Şafak kimi əhəmiyyətli qəzetlərin gündəmində olur. Həmin qəzetlər Traktorsazi komandasının “dünyanın ən çox tərəfdarı olan türk komandası” olduğunu önə çəkirlər.

İran xəbər agentlikləri Traktorsazinin Türkiyə mediasında gündəmə gətirilmə şəklinə etiraz bildirirlər. İSNA xəbər agentliyi keçən dekabr ayında yayımladığı xəbərdə Türkiyə mediasının Traktorsazi azarkeşlərinin səsləndirdiyi şüarlardan “sui-istifadə” etdiyini irəli sürüb.