Accessibility links

İnqilab Məhkəməsi Təbrizdə 7 futbol azarkeşi barəsində həbs qərarı çıxarıb


İran İnqilab Məhkəməsi Təbrizin Traktorsazi komandasının 7 azarkeşini 2013-cü ilin fevral ayında keçirilən bir futbol matçı zamanı göstərdikləri fəaliyyətləri ilə əlaqədar “rejimə qarşı təbliğat” ittihamı ilə günahlandıraraq hər birini 7 ay həbsə məhkum edib.

Bu haqda insan haqları pozuntuları ilə bağlı xəbər yayan internet portalları, o cümlədən, Oyan NewsHRA agentliyi məlumat yayıblar.

Həbs cəzası alan fəallar Cəfər Rüstəmi-Rad, Əli Əhmədi, Əli Sərraf, Əli Səadəti, Əsgər İbadzadə, Kəsri Davudi və Siyamək Seyfi 2013 fevral ayının 26-da Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçından sonra nəzarət altına alınmışdılar.

Yayılan məlumata görə, məhkəmə hökmündə azarkeşlərin həmin matç zamanı üzərində etnik və millətçilik məzmunlu şüarlar yazılmış plakat və bayraq nümayiş etdikləri irəli sürülüb.

Sənəddə həmçinin yazılıb ki, “müttəhimlər stadionda etnosentrist məzmunlu yazıda Güney Azərbaycanın uydurma bayrağını nümayiş etdirərək, fotolar çəkib və bu, bölgə ölkələrində düşmən mediada yayılıb".

XS
SM
MD
LG