Tomas Hammerberq: Bu, söz və ifadə azadlığını məhdudlaşdırır

Tomas Hammerberq: Bu, söz və ifadə azadlığını məhdudlaşdırır

Fransa Senatının soyqırımları inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi etirazla qarşılanıb.

Fransa Senatının yanvarın 24-də qəbul etdiyi soyqırımları inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və ya 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun layihəsi beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanıb. Fransanın Azərbaycandakı səfirliyi qarşısında çoxsaylı etiraz aksiyaları keçirilib. Beynəlxalq təşkilatlar Senatın qəbul etdiyi qanunun söz və fikir azadlığı haqında beynəlxalq sənədlərə, o cümlədən Fransa konstitusiyasına zidd olduğunu bildirir.
“Siyasətçilər tarixlə bağlı qərar verməməlidir”. Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavabında Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq belə deyib.
“Media forum” saytının məlumatına görə, Qənirə Paşayeva komissara belə bir sual verib. “Fransa Senatı heç bir beynəlxalq məhkəmədə təsdiq edilməyən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun çıxardı. İnsan haqları komissarı kimi necə düşünürsünüz, bu, söz və fikir azadlığının məhdudlaşdırılması, insan haqlarına zərbə deyilmi? Bu qanundan sonra Fransada yaşayan 500 min türkün və ümumiyyətlə qondarma erməni soyqırımını inkar edən hər kəsi həbsxanalar və ağır maddi cəzalar gözləyir. İnsan haqları komissarı kimi siz məhz söz və düşüncə azadlığı, insan haqları prizmasından bu qanunu necə qiymətləndirirsiniz?”
Tomas Hammerberq cavabında deyib: “Əlbəttə, bu, düzgün yanaşma tərzi deyil və söz və ifadə azadlığını məhdudlaşdırır. Siyasətçilərin tarixi məsələlərə qiymət verməsi məsələsində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın dedikləri ilə razıyam və onu tam dəstəkləyirəm. Siyasətçilər tarixlə bağlı qərar verməməlidir”.
Turan Agentliyinin məlumatına görə isə “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı və ifadə azadlığını müdafiə təşkilatı Fransa parlamenti üzvlərinə Senatın təsdiq etdiyi erməni soyqırımının inkarına görə cəza tətbiqi haqqında qanundan Konstitusiya Məhkəməsinə şikayət vermək çağırışı ilə açıq məktub göndərib. “Bu qanunun pozduğu 4 məqam var: ifadə azadlığı hüququna zidd olması, cinayət və cəza arasında mütənasiblik olmaması, parlamentin səlahiyyətlərini pozması və təfsirində aydınlıq olmaması. Qanunun əleyhinə olan hər kəsin ədaləti bərqərar etmə səylərini dəstəkləyirik və qurbanların nəsillərinin dərdini yaxşı anlayırıq. Soyqırımın və ədavətin inkar olunmasına qarşı mübarizə göz önündədir və zəruridir. Amma qeyd etməliyik ki, buna konstitusiyada müdafiə olunan söz azadlığı prinsipinin pozulması bahasına nail olunmamalıdır”.
”Sərhədsiz Reportyorlar” hesab edir ki, tarixi faktın qeyri-cinayətkar ehkama çevrilməsi təhlükəli pozuntulara yol açır. “Bu qanunun Konstitusiya Şurasına verilməsinə bəraət qazandıran daha bir problem var. Şuranın keçmiş prezidentlərindən biri - Robert Badinter deyib ki, konstitusiya Fransa parlamentinə tarixi faktı müəyyən etmək səlahiyyəti verməyib. Demokratiya tapança gücünə qəbul etdirilə bilməyəcəyi kimi, baxışlarda təkamül və milli barışıq da repressiv və mürtəce qanunla qəbul etdirilə bilməz, xüsusən, başqa ölkədə qəbul edilmiş qanunla”, -deyə məktubda qeyd edilir.
Fransa Senatının qəbul etdiyi qanun layihəsinə etiraz olaraq Azərbaycanın tanınmış yazıçı-dramaturqu, ictimai-xadim, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov 2000-ci ildə ona verilən Fransa ordenindən imtina edib.