Oktyabrın 13-də saat 16:20-də Ali Məhkəmədə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun işi üzrə kasasiya şikayətinə baxılacaq. Bu barədə İlqar Məmmədovun vəkili Fuad Ağayev və Tofiq Yaqublunun vəkili nemət Kərimli Facebook səhifələrində yazıb.
İlqar Məmmədov və Tofiq Yaqublu məhkəmədə iştirak etməyəcək.
2015-ci il yanvarın 13-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Hakim deyib ki, cinayət işi ilə bağlı əlavə faktları öyrənmək və işlə ətrafı tanış olmaq üçün vaxt lazımdır. Ona görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. REAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyansıın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.
2014-cü ilin iyunun Şəki Apellyasiya Məhkəməsi Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Amnesty İnternational İlqar Məmmədovu və Tofiq Yaqublunu “vicdan məhbusu” elan edib.