Your browser doesn’t support HTML5
Hollandiya səfirliyinin binasında Avropa İttifaqının sözcüsü Adriaan Palmla keçirilən görüşdə Milli Şuranın sədri Cəmil Həsənli, Musavat Partiyasından Tofiq Yaqublu, REAL təmsilçisi Natiq Cəfərli daxil olmaqla Azərbaycanın müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri iştirak edib.
Tofiq Yaqublunun sözlərinə görə, görüşün əsas məqsədi Aİ nümayəndələrinin Azərbaycan prezidenti və nazirləri ilə görüşməzdən öncə Şərq Tərəfdaşlığı sazişi və ölkədəki ümumi siyasi, sosial, iqtisadi vəziyyətlə bağlı müxalif qurumlarının fikrini öyrənmək idi.
“Görüş çox lazımlı və məhsuldar şəraitdə keçdi. Biz onlara siyasi məhbusların vəziyyəti, ölkədəki media azadlıqlarının hazırkı durumu, ölkənin iqtisadi prespektivləri haqqında məlumatlar verib, fikirlərimizi bölüşdük. Bundan əlavə sazişdə daha çox diqqət edilməli, hakimiyyət qarçısında qoyulması vacib məsələlər barədə də öz təkliflərimizi bildirdik.”
Azərbaycan höküməti nəhayətdə beynəlxalq təşkilatların şərtlərini əməl etməyə məcbur olacaq.
Aİ ilə Şərq Tərəfdaşlığı sazişinin bağlanmasının Azərbaycan üçün qısa və uzundönəmli müsbət nəticələrinin olacağını vurğulayan Müsavat Partiyasının başqan müavini əlavə edir ki, hələ Vilnüs sammiti zamanı Azərbaycanın nə qədər tez müddətdə bu sazişə qoşulub, Avropaya inteqrasiya olunmağa başlamasa o qədər tez Ermənistan qarşısında üstünlük əldə edə biləcəklərini bildiriblər.
“Əvvəlcə, Azərbaycan hakimiyyətini bu sazişə o qədər də yaxın durmaq istəmirdi. Çünki, bu sazişdə demokratiya və insan haqları ilə bağlı bəzi öhdəliklər var. Lakin daha sonra hakimiyyət gördü ki, bu layihədən kənar qalmaq həm Azərbaycan üçün, həm də elə hakimiyyətin özü üçün ciddi təhlükə yarada bilər. Ona görə könülsüz də olsa, bununla razılaşmalı oldu.”
Tofiq Yaqublu deyir ki, bu sazişə qoşulmaqla Azərbaycan höküməti öz üzərinə bir çox vacib öhdəliklər götürəcək və mümkündür ki, "hakimiyyət vədləri yerinə yetirməmək üçün bəhanə uydurmağa, vaxt qazanmağa çalışsın", amma nəhayətdə beynəlxalq təşkilatların şərtlərini əməl etməyə məcbur olacaq.
“Müxalifət nümayəndələri olaraq o qədər də sadəlöv deyilik ki, İlham Əliyevin bu sənədə imza atandan sonra onun bütün maddələrini dərhal yerinə yetirəcəyinə inanaq. Bunun biz Azərbaycanın Avropa Şurasına qəbul olunmaq prosesindən sonra şahidi olduq. Azərbaycan AŞ öhdəliklərini öz üzərinə götürsə də, bundan sonra Azərbaycanda demokratiya və insan haqları vəziyyəti daha da pisləşdi. Aİ ilə də eyni şey ola bilər. Ancaq tarixi və regionda gedəndə proseslər onu göstərir ki, bu sazişləri manipulyasiya etmək, öhdəliklərdən boyun qaçırtmaq imkanları getdikcə azalır.”
Biz mütləq iradəmizi ortaya qoyub Rusiyanın orbitindən çıxmalıyıq.
Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasının Rusiyanın regiondakı siyasətinə necə təsir edəcəyini şərh edən başqan müavini əlavə edir ki, hazırda Rusiyanın özünün beynəlxalq iqtisadi, diplomatik təzyiq altında olması rəsmi Kremlin Azərbaycanı qərbə inteqrasiya olmaq yolundan çəkindirmək imkanlarını azaldır.
“İstənilən keçmiş Sovet ölkəsinin Avropa. NATO, Qərb ölkələri ilə yaxınlaşması Kremlin marağına ziddir. Rusiya istəyir ki, Azərbaycan Avro-Asiya İttifaqına, kollektiv müdafiə təşkilatına qoşulsun, buna görə də öz təzyiq vasitələrindən istifadə etməyə çalışır. Lakin, hazırda Qərbin Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etməsi Azərbaycan üçün Avropa qurumları ilə yaxınlaşmaq, Qərbə inteqrasiya edə bilməsi üçün tarixi bir şansdır. Azərbaycan hakimiyyəti isə odla su arasında qalmış kimidir. Nə Putini seçə bilir, nə də Qərbdən imtina edə bilir.”