Tofiq Yaqublunun quru aclığa keçdiyi bildirilir

Tofiq Yaqublu (Arxiv foto, mənbə VOA)

Siyasətçi Tofiq Yaqublunun quru aclığa keçdiyi bildirilir.

“Atam artıq bir neçə saatdır su içməkdən də imtina edib. O mənimlə görüş tələb edir. Mən 5 saatdan çoxdur xəstəxananın binası qarşısında görüş gözləyirəm. Hər dəfə deyirlər yuxarı demişik, amma görüşümə imkan vermirlər”, siyasətçinin qızı Nigar Həzi Amerikanın Səsinə deyib.

Bu gün saat 15-də vəkil Bəhruz Bayramov Tofiq Yaqublu ilə görüşüb.

“Tofiq bəy çox arıqlayıb. O, qızı ilə görüş verilməsə quru aclığa keçəcəyini dedi”, vəkil Amerikanın Səsinə deyib.

Hazırda Tofiq Yaqublunun müalicə aldığı Əjdər Məlikov adına 6 saylı xəstəxananın qəbul şöbəsindən isə Amerikanın Səsinə cavab verməyiblər.

“Bu barədə bizdə hər hansı məlumat yoxdur”, deyə qəbul şöbəsindən deyiblər.

Bununla yanaşı, tibb elmləri doktoru Adil Qeybulla yanvarın 14-də Əjdər Məlikov adına 6 saylı xəstəxanada Tofiq Yaqubluya baş çəkəndən sonra Amerikanın Səsinə deyib ki, Yaqublu aclığı davam etdirir.

“Bu gün Tofiq Yaqublunu müayinə etdik. Onunn nəbzi 90, qan təzyiqi 110/70-dir. Vəziyyəti stabildir, sərbəst danışır, ünsiyyətə girir. Onun döş qəfəsinin rentgen və qarın boşluğunun ultrasəs müayinəsi keçirildi. Müayinələr ciddi problemin olmadığını göstərir. Amma, aclıq aksiyasına uyğun olaraq halsızlığı, zəifliyi var. Xüsusilə yataqdan qalxanda, gəzəndə bu, hiss olunur”, o qeyd edib.

Xatırladaq ki, indiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq!" tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.