Təhsil naziri Misir Mərdanov bu gün Bakıda Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə "Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasının artırılması" mövzusunda keçirilən beynəlxalq seminarda Azərbaycanda müəllimlərin əmək haqqının aşağı olduğunu bildirib.
Nazir hesab edir ki, ölkədə müəllimlərin əmək fəaliyyətini stimullaşdırmaq üçün yeni tədbirlər görülməlidir. “Əsas problemlərdən biri müəllimlərin əmək haqlarının aşağı olmasıdır. Müəllimlərin işi çox çətindir və onların əməyini stimullaşdırmaq lazımdır. Müəllimlərin əməyinin stimullaşdırılması üçün 2008-ci ildən ölkə prezidentinin sərəncamı ilə "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqələri keçirilir”.
Onun sözlərinə görə, məktəb millətin bu günü və gələcəyi olsa da cəmiyyətdə müəllimlərin statusu yüksək deyil. “Müəllimin sosial statusu da yüksək deyil. Pedaqoji təhsil isə elə də nüfuzlu təhsil sayılmır. Müəllimin cəmiyyətdə nüfuzu və sosial müdafiəsinin artırılması üçün işlər aparılır”.
Cənab Mərdanov həmçinin eyni məktəbin yeni təfəkkürlü kadrlar tələb etdiyini deyib. Onun sözlərinə görə, müəllimlərin ixtisasının artırılması istiqamətində ciddi işlər aparılır.
Avropa İttifaqının təmsilçisi Jerome Pons isə bildirib ki, təhsil islahatları Şərq Tərəfdaşlığı Proqramında münasibətlərin əhəmiyyətli hissəsini təşkil edir. “Təhsil sisteminin inteqrasiyası cəmiyyətlərin yaxınlaşması deməkdir. Gələn ilin fevralından Şərq Tərəfdaşlığı daxilində təhsil islahatları ilə bağlı danışılar başlayacaq. Avropa İttifaqının təhsillə bağlı proqramları 2015-ci ilədək davam edəcək”.
Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycanın 5 universiteti ilə bağlı layihələri var.
Öz növbəsində, Bakı Təhsil İdarəsinin keçmiş rəisi Asif Cahangirov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, müəllimlərin əmək haqlarının çox aşağı olması təhsil sisteminin başlıca problemidir. Onun fikrincə, dövlət təhsil müəssisələrində müəllimlərin əmək haqqı çox aşağı olduğundan bacarıqlı pedaqoqlar məktəbləri tərk edir. “Bacarıqlı və məhsuldar müəllimlər repititorluqla məşğul olur. Repititorluqla məşğul olan müəllimlər ay ərzində 2500 manatdan başlayaraq 7 mina manatadək qazanc əldə edə bilir. Amma, məktəblərdə bir stavka dərs üçün 150 manatadək aylıq maaş verilir. Bu isə müəllimləri heç cür qane etmir”.
Ekspert müəllimlərin minimal əmək haqqını onların sosial müdafiəsinə bəs edəcək qədər artırılmasının vacibliyini qeyd edir. “Eyni zamanda, yüksək qabiliyyətli müəllimlərə 3000-3500 manatadək əmək haqqı verilməlidir. Belə olan halda pedaqoji təhsilin reytinqi yüksələr”, - deyə o qeyd edib.