Həbsdə olan jurnalistin həyat yoldaşı da həbs edilə bilər

Osman Nərimanoğlu (Fotonu jurnalistin həyat yoldaşı Arzu Rzayeva təqdim edib)

Demokratik.az saytının redaktoru, hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək həbs edilən Osman Nərimanoğlunun həyat yoldaşı Arzu Rzayevanın barəsində böhtanla bağlı şikayət verilib.

Xüsusi ittihamçı kimi Göygöl rayon xəstəxanasının icraçı direktoru Vasif Əliyev çıxış edir.

Bu barədə Arzu Rzayeva Amerikanın Səsinə bildirib.

147.2-ci maddə (ağır cinayət törətmək barədə böhtan) üzrə iddianın səbəbi Rzayevanın Youtube kanalında “Hüquq saatı” proqramında çıxışıdır. O, həyat yoldaşına qarşı cinayət işindən danışıb.

Rzayevanın sözlərinə görə, ittihamçının iddialarına onun Vasif Əliyevin “rayon prokurorunun kirvəsi olması” barədə sözləri səbəb olub. Bundan əlavə, xüsusi ittihamçı onun korrupsiyaya uğraması barədə Rzayevanın sözlərini böhtan hesab edib.

Dekabrın 14-də Göygöl Rayon Məhkəməsində hazırlıq iclası keçirilib və sədelik edən hakim Eyyub Kərimov işi icraata qəbul edib.

“Mənim vəkilim yox idi. Qohumlarımı məhkəməyə buraxmadılar. Hakim məndən Vasif Əliyevdən üzr istəməyi tələb etdi. Amma mən bundan imtina etdim, ondan sonra işə baxıldı. Həyat yoldaşımı həbs etdikləri az deyil, məni, iki uşaq anasını da həbs etmək istəyirlər”, Rzayeva deyib.

Növbəti məhkəmə iclası dekabrın 19-na təyin edilib.

Əliyevlə əlaqə saxlamaq və Göygöl Rayon Məhkəməsindən şərh almaq mümkün olmayıb.

Media Hüququ Qrupunun rəhbəri Xalid Ağaliyev Rzayevanın diffamasiya ittihamı ilə məsuliyyətə cəlb olunmasını əsassız sayır.

“Əvvəla, Rzayeva ona qədər KİV-də yayılan fikirləri səsləndirib. O, bu faktlar barədə həyat yoldaşına qarşı cinayət işi kontekstində danışıb. Digər tərəfdən, həbs edilən şəxsin ailə üzvü kimi onun müdafiə hüququ var. Odur ki, Rzayevanın böhtan ittihamı ilə təqib edilməsi qanunsuzdur”, Ağaliyev qeyd edib.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasına görə Rzayevanı 3 ilədək azadlıqdan məhrumetmə təhlükəsi gözləyir.

Osman Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy rayon Meliorasiya İdarəsinin məmurundan və Göygöl rayon xəstəxanasının həkimlərindən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. O, həbs olunduqdan sonra bildirib ki, ittihamlar yalandır, korrupsiyalarını ifşa etdiyi şəxslər ona böhtan atıblar.