Təbriz qeydiyyat idarəsi Volkan adlı uşağa şəxsiyyət vəsiqəsi vermir

İranın qeydiyyat idarəsi Təbrizdə Azərmi Rad ailəsinin yeni doğulan övladına Volkan adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Azərmi Rad ailəsi 3 həftə əvvəl dünyaya gələn oğluna seçdiyi ad ilə şəxsiyyət vəsiqəsi ala bilmir. Qeydiyyat idarəsi “'əcnəbi” olduğunu irəli sürərək Volkan adına şəxsiyyət vəsiqəsi vermir.

İran Azərbaycanı və Tehranda bir çox ailə uşaqlarına seçdikləri türk adları ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mübarizə aparmaq məcburiyyətində qalırlar. Onlardan bəziləri müxtəlif dövlət qurumlarına müraciət etməklə bərabər səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.

SEE ALSO: İranda uşaqlarına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr etirazlarını sosial mediada paylaşır

Son illərdə İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayı olduqca artıb. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər. Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adın adətən “əcnəbi” olduğu və ya “siyahıda olmadığını” önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.

2001-ci ildə İranda nəşr edilən “Türk İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.

SEE ALSO: Təbrizli ailə 4 il sonra uşağına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilib

“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun”, Cavadi həmin müsahibədə söyləyib.

Pəhləvi dönəmindən bəri İran Azərbaycanı başda olmaqla İranın müxtəlif bölgələrində adı türkcə olan bir çox şəhər, kənd, çay, dağ və digər yerlərin adları farscaya dəyişdirilib. 2014-cü ildə Qərbi Azərbaycan vilayətinin ovaxtkı vali müavini Hadi Bahadıri “Pəhləvi dönəmi və ondan sonra 2000-ə yaxın tarixi türk adının dəyişdirildiyini” qeyd etmişdi.