Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı fəalların üzərindən məhkumluğu götürməyə çağırıb

Avropa Şurası

İyunun 10-da Avropa Şurası Nazirlər Komitəsi jurnalistlərin və fəalların işləri üzrə Strasburq məhkəməsinin qərarlarının icrası ilə bağlı Azərbaycana dair iki qətnamə qəbul edib.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, onlardan biri araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına və reputasiyasına, habelə ifadə azadlığına hörmət hüququnun pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə əlaqədardır.

Şikayət jurnalistə qarşı hədələr, şantaj, həmçinin onun intim kadrlarının internetdə yayılması ilə bağlıdır.

Eyni zamanda, hakimiyyətyönümlü KİV-də jurnalistin "hökumət əleyhinə qərəzli mövqeyi" və onun "əxlaqsız davranışı" haqda materiallar yayılıb.

Buna baxmayaraq, Azərbaycan hakimiyyəti jurnalistə qarşı cinayətlərin effektiv araşdırılmasını təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi hakimiyyəti İsmayılovaya qarşı törədilmiş cinayət əməllərinin (söhbət ona təhdid məktubunun göndərilməsi, şəxsi həyatının gizli videoçəkilişi və intim videoyazıların yayılmasından gedir) effektiv araşdırılmasının dərhal bərpa və təmin edilməsinə, günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb.

Bundan əlavə, Nazirlər Komitəsi hökumətə jurnalistlərə qarşı cinayətlərlə bağlı tədbirlərin görülməsini, bu əməllərin onların peşə fəaliyyətilə mümkün əlaqəsinin araşdırılmasını təklif edib.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin üzərinə Nazirlər Komitəsinin bu ilin dekabrında keçiriləcək iclasında görülmüş tədbirlər barədə məlumat vermək öhdəliyi qoyub.

İkinci qətnamə "Anar Məmmədlinin qrupu" işinə aiddir, orada 2013-2016-cı illərdə həbs edilmiş 9 fəalın və jurnalistin işləri toplanıb.

Avropa İnsan Hüquqları Məhkəməsi bu işlərdə onları cəzalandırmaq və susdurmaq məqsədilə cinayət qanunundan sui-istifadə edildiyini, əsasən 5-ci və 18-ci maddələr üzrə hüquqlarının pozulduğunu tanıyıb.

Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova (2), Leyla və Arif Yunuslar, Bayram Məmmədov (mərhum), Qiyas İbrahimli, Məmməd Əzizov və Şahin Novruzlunun işləri üzrə qərarlarından gedir.

Nazirlər Komitəsi ərizəçilərə kompensasiyanın ödənildiyini qeyd edərək, eyni zamanda onların tam bəraət almadığını və onların üzərindən məhkumluğun götürülmədiyini bildirir.

Bununla əlaqədar Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini artıq mövcud presedentlər, əsasən siyasətçi İlqar Məmmədovun işi üzrə presedent nəzərə alınmaqla, sözügedən şəxslərin barəsində ittiham hökmlərini, onlar üçün bütün mənfi hüquqi nəticələri ləğv etməyə çağırıb.

Hökumətə təklif olunub ki, avqustun 1-dək görülmüş tədbirlər barədə məlumat verilsin, çünki sentyabrda Nazirlər Komitəsi qeyd olunan işlərə yenidən baxacaq.

Hüquqşünas Xalid Ağalıyev Nazirlər Komitəsinin qərarlarını şərh edərkən qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana dair qərarlarının icrası ilə bağlı məsələlər bu qurumun gündəmində qalır.

“Bundan əlavə, əgər əvvəllər tədbir görmək üçün hökumətə daha çox vaxt verilirdisə, indi “Anar Məmmədlinin qrupu” işi üzrə avqustun 1-nə qədər vaxt verilib. Bu o deməkdir ki, irəliləyiş olmasa, sentyabrda Nazirlər Komitəsi daha sərt tələblərlə yeni qətnamə qəbul edəcək,” hüquqşünas belə hesab edir.

Xədicə İsmayılova bildirib ki, qərarlardan üçü onunla bağlıdır.

"Iclasdan əvvəl qərarların icrası ilə bağlı öz fikirlərimi Nazirlər Komitəsinə göndərmişəm. Demişəm ki, hökumət nəinki qərarların ümumi hissəsi üzrə heç bir addım atmır, üstəlik, vəziyyəti daha da pisləşdirib. Bizim şəxsi həyatımıza Pegasusla müdaxilə olunub, fiziki izləmə olub, evimə gəlib gedən adamlar bəzən DTX-ya (Dövlət Təhlükəsizliyi Xidməti-red) çağırılıb, onlara çuğulluq təklif olunub, məndən sonra başqa adamları da video-şantaj ediblər, onların da işi üzrə araşdırma aparılmayıb, müxaliflərin telefonu dinlənilib və s.

Hökumət Nazirlər Komitəsinə müraciətində bildirib ki, media haqda qanun qəbul edib, həyatımızı yüngülləşdiriblər. Mən də izah eləmişəm ki, yox, ən mürtəce qanunlardan biridir bu, izahını da vermişəm", o qeyd edib.

Jurnalist tələblərini də yazıb.

"Tələbim budur ki, mənə tam bəraət verilsin, cinayətlər araşdırılsın, günahkarlar da cəzasına çatsın. Halbuki Bakı şəhər Prokurorluğunda işimi aparan müstəntiq indi Baş Prokurorluqda istintaqa nəzarət idarəsində baş inspektor vəzifəsinə yüksəlib. Təsəvvür edirsiniz, haqqında istintaqı saxtalaşdırdığı barədə məhkəmə qərarı olan adam indi istintaqlara nəzarət edir. Bir çox məhkəmə işində, o cümlədən prokurorluğu təmsil etmiş Ramazan Hadıyev indi Beyləqan rayon prokurorudur. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İdarəsində (hazırda İstintaq İdarəsi-red) çalışan Sənan Paşayev də indi böyük müstəntiqdir. Bu arada, Sənan Paşayevin məni prokurorluğa çağırıb, bizə münasibətiniz dəyişibsə, bəraət təşəbbüsü qaldıra bilərik təklifini də yazdım," o qeyd edib.

Anar Məmmədli Amerikanın Səsinə deyib ki, Avropa Şurası Nazirlər Komitəsində Məmmədli Qrupuna daxil olan işlərin icra vəziyyəti dəfələrlə müzakirə eidlib.

"Mən artıq müzakirələrin sayını belə itirmişəm. Bu qrupdakı işlərin demək olar ki, hamısı üzrə kompensasiyalar ödənilib. Sadəcə olaraq söhbət adı çəkilən şəxslərin siyasi səbəblərlə həbsi əsas götürülərək onlara bəraət verilməsindən gedir. Bizim tələbimiz bəraət verilməsidir. Bu qrupa daxil olan şəxslər arasında 2016-cı ildən bəri bəraət alanlar İlqar Məmmədov, Rəsul Cəfərov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşad Həsənovdur. Amma digər şəxslərə hələ bəraət verilməyib. Biz bəraət tələb edirik, hökumət deyir cinayət təqibi dayanıb. Azərbaycanın Cəzaların İcrası Məcəlləsinə görə, müəyyən müddət keçəndən sonra cinayət təqibi dayandırılır. Məsələn, məndə bu ilin martında başa çatdı. Amma, mən vaxtı ilə yanlış olaraq, qanunsuz olaraq siyasi motivlərlə həbs olunmuşam. Bunu Avropa İnsan Haqları Məhkəməsi tanıyıb. İndi hökumət bəraət verməlidir. Bəraət verilməsi təcrübəsi də var. Ali Məhkəmənin qərarı ilə İlqar Məmmədov, Rəsul Cəfərov və digər şəxslərə necə bəraət verilibsə, eyni şəkildə bizə də bəraət qərarı çıxarılsın," Məmmədli Amerikanın Səsinə bildirib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayılova vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2016-cı il mayın 25-dəki qərarı ilə həbs müddətini 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması ) və 8-ci (şəxsi həyata hörmət) maddələri üzrə şikayətlərini qəbuledilən sayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödənişindən yayınmaya görə beş il yarım müddətinə azadlıqdan məhrum edilib. Məmmədli 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 2019-cu ilin aprelində Məmmədlinin 2013-cü ilin dekabrında həbs edilməsi barədə şikayəti ilə bağlı qərar qəbul edib. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 və 5.4-cü (azadlıq hüququ) maddələrinin, həmçinin 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozuntusunu tanıyıb və 5.3-cü maddə üzrə şikayətin ayrıca araşdırılmasına ehtiyac olduğunu bildirib.

Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir.

Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına hələ münasibət bildirməyib. Amma bir qayda olaraq, kompensasiyaların ödənildiyini deyirlər.

Amerikanın Səsinin ölkənin rəsmilərindən bununla bağlı şərh almaq cəhdi baş tutmayıb.