Tehran Apellyasiya məhkəməsi türk fəalların şikayətinə baxıb

Əlirza Fərşi, Əkbər. Azad, Həmid Mənafi və Behnam Şeyxi

Tehran Apellyasiya Məhkəməsi dekabrın 23-də daha əvvəl 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il sürgün cəzasına məhkum edilmiş dörd türk dil haqları müdafiəçisinin kassasiya şikayətinə baxıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Güney Azərbaycan Televiziyası (Günaz TV) bu haqda məlumat yayıb.

Verilən məlumata görə, Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafinin şikayətinə Tehran vilayəti apellyasiya məhkəməsinin 54-cü şöbəsində hakim Babayi baxacaq.

Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi onlara 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib.

SEE ALSO: Amnesty International: Əlirza Fərşinin həbs hökmü dərhal ləğv edilməli

İlkin məhkəmənin hökmünə görə, Əlirza Fərşi 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamağa, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi isə 10 il həbs və müvafiq olaraq İlam vilayətinin Dərrəşəhər, Xuzistan Vilayətinin Məscid Süleyman və Luristan vilayətinin Azna şəhərlərində 2 il sürgündə yaşamağa məhkum olunublar.