Amnesty International Dünya Ana Dili Günü münasibətilə yayımladığı farsdilli bəyanatını keçən il 15 il həbs cəzasına məhkum edilmiş türk dil haqları fəalı Əlirza Fərşiyə həsr edib.
“O, cəsurdur. Azlıqların hüquqlarının təmin edilməsi üçün kampaniyalar təşkil edir,” deyə Amnesty Internationalın farsdilli telegram kanalında yayımlanmış posterdə dərc edilib.
Dünya Ana Dili Günündə Əlirza Fərşinin yanında olun. İran rəsmilərinə xatırladın ki, azlıqların hüququnu müdafiə etmək cinayət deyil.Amnesty International
“Dünya Ana Dili Günündə Əlirza Fərşinin yanında olun. İran rəsmilərinə xatırladın ki, azlıqların hüququnu müdafiə etmək cinayət deyil. İranın türk icmasından olan Əlirza Fərşi Dünya Ana Dili Gününə dair onlayn kampaniyanın təsisçisidir,” deyə məşhur insan haqları təşkilatının bəyanatında qeyd edilib.
2014 və 2015-ci illərdə Dünya Ana Dili Günü münasibətilə keçirilən mərasimlərə qatılmaq və türk dilində təhsil tələbinə dair imza kampaniyası təşkil etmək səbəbilə Əlirza Fərşi 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamaq cəzasına məhkum edilib.
Fərşinin 3 il əvvəl ana dili günündə həbs edilməsinə diqqət çəkən Amnesty International onun “barışcıl yollarla dil hüquqlarını müdafiə etməsi” üzündən cəzalandırıldığını vurğulayıb.
Beynəlxalq insan haqları qurumu Əlirza Fərşinin mühakimə prosesini tənqid edib:
“Məhkəmə Əlirza Fərşinin dinc fəaliyyətlərini cinayət dəlili hesab edib... Hökmdə dəfələrlə ‘sözdə ana dili günü’ ifadəsinə yer verilib və bu beynəlxalq münasibət lağa qoyulub. Mühakimədə Əlirza Fərşinin fəaliyyətlərinin ‘bölücülük və pantürkist fəaliyyətlər’ olduğu iddia edilib.”
Keçən il İran İnqilab Məhkəməsi bir neçə türk dil haqları fəalı, o cümlədən Əlirza Fərşi, Əkbər Azad, Siyamək Mirzayi, Behnam Şeyxi və Həmid Mənafini 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrində sürgündə yaşamaq cəzasına məhkum edib.