Accessibility links

İranda türklər Dünya Ana Dili Gününü qeyd edir


İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə 21 fevral Dünya Ana Dili Günü Münasibətilə tədbirlər və kampaniyaların təşkil edilməsi ilə yanaşı, minlərlə universitet tələbəsi hökümətdən türkcənin rəsmiləşdirilməsini tələb edib.

Fevralın 18-də Təbrizdə həmin münasibətlə şeirli və musiqili bir mərasim təşkil olunub. Günaz TV və sosial mediada yayımlanan xəbər və görüntülərə istinadən, şənlik mərasimində uşaqlar türkcə şeirlər oxuyub və Həsən Dəmirçinin rəhbərlik etdiyi musiqi qrupu “gənclik marşı”-nı ifa edib.

Qərbi Azərbaycanın bir neçə şəhəri, o cümlədən vilayətin mərkəzi Urmiyədə də kiçik tədbirlərin keçirildiyinə dair xəbərlər yayılıb.

Güneylə bağlı xəbər yazan internet portallarına istinadən, rəsmilər bu il də ana dili günü ilə bağlı böyük miqyasda tədbirlərin keçirilməsinə icazə verməyiblər.

Sosial media istifadəçiləri isə türk, fars və ingilis dillərində #AnaDili #TürkDiliResmiOlsun #HanıDilim #MotherLanguageDay kimi hashtaglər ilə ana dili günü kampaniyalarına qatılıblar.

prezidentə ünvalanan məktubu sadəcə Azərbaycan universitetlərinin tələbələri deyil, digər bölgələr xüsusilə Qaşqay Elindən olan türk tələbələr də imzalayıb.
Milad Balesini, tələbə fəal

Keçən illərdə ən çox səsləndirilən tələb türk dilində təhsil tələbi ikən, bu il sosial media kampaniyaları, habelə Urmiyə, Təbriz, Marağa və Zəncan universitetlərindən 4 min tələbənin hökümətə ünvanladığı məktubda önə çıxan tələb “türkcənin rəsmiləşdirilməsi” tələbidir.

Tələbə fəal Milad Balesininin Amerikanın Səsinə bildirdiyinə görə, prezidentə ünvalanan məktubu sadəcə Azərbaycan universitetlərinin tələbələri deyil, digər bölgələ,r xüsusilə Qaşqay Elindən olan türk tələbələr də imzalayıb. O, 4085 tələbənin məktuba qol çəkdiyini bildirib.

UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.

Son 10 il ərzində İran Azərbaycanı və Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.

XS
SM
MD
LG