İyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılan 5 fəal müvəqqəti olaraq sərbəst buraxılıb.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Nadir Sadıqiyan, Yusuf Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri və Şahin Bərzgər şənbə günü mülki zəmanət qarşılığında azad ediliblər.
3 həftə öncə nəzarət altına alınan fəallar bir müddət İranın Kəşfiyyat Nazirliyinə məxsus həbsxanada saxlanıldıqdan sonra bir neçə gün öncə Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdülər.
SEE ALSO: Pərviz Siyabi Ərdəbilin mərkəzi həbsxanasına köçrülübKeçən iyul ayının ortalarında İranda ərəblərin yaşadığı bölgələrdə su qıtlığına qarşı baş qaldıran kütləvi aksiyalarda bir çox etirazçı öldürülüb. Həmin günlərdə türk fəallar İran Azərbaycanında çağırış vərəqələri paylayaraq əhalini ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırıb. İyulun 24-də Təbrizdə baş tutan aksiyalarda “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirilib.