Keçən iyul ayının 25-də İranın təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildə nəzarət altına alınan siyasi fəal Pərviz Siyabi Gürcan şəhərinin mərkəzi həbsxanasına köçürülüb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, milli fəal avqustun 5-ə qədər Ərdəbil kəşfiyat idarəsinin həbsxanasında saxlanılırdı.
Pərviz Siyabinin hansı səbəblərə görə nəzarət altına alındığı bəlli deyil. Amma, onun saxlanmasından bir gün əvvəl türk fəallar İran Azərbaycanında su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq aksiya keçirməyi planlaşdırıb.
Həmin gün İranın polis və hərbi qüvvələri Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlayıb. Təbrizdə etiraz aksiyalarına qatılan onlarla vətəndaş həbs edilib.
Pərviz Siyabi 2020-ci ilin sentyabr ayında da Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar nəzarət altına alınıb və bir müddət nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.