Tale Bağırovun məhkəməsi zamanı baş verənlər

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi zamanı qarşıdurma

Bakı Baş Polis İdarəsi hadisə ilə bağlı məlumat yayıb. 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib
Oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində vətəndaş Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gəlmiş vətəndaşlarla hüquq mühafizə orqanları əməkdaşları arasında insident yaşanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin məlumatına görə, həmin vətəndaşlar məhkəmə zalında ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin işini pozmağa cəhd etmişlər. Onlar hüquq mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hətta hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Həmin şəxslər hüquq mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və dörd nəfərə xəsarət yetiriblər. Hüquqazidd əməllərin fəal iştirakçıları polis tərəfindən saxlanılıb və dörd nəfərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı məlum olub ki, onların bir qismi, ümumiyyətlə, Bakı sakini deyil və ayrı-ayrı bölgələrdən məhz bu məhkəmə prosesində iştirak etmək üçün paytaxta gəlib. Narkoloji müayinə zamanı onlardan üç nəfərinin narkotik vasitədən istifadə etməsi məlum olub. Üç nəfər isə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərdir. Konkret olaraq, Abbasov Şəhriyar Xalid oğlu 2011-ci ildə Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) iki il doqquz ay, Hüseynov Abbas Məmmədbağır oğlu 2007-ci ildə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə (Hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozma) bir il, Əsgərov Sənan Kamil oğlu 2002-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə (oğurluq) üç il müddətinə məhkum olunub.

Öz növbəsində, vəkil Cavad Cavadov saxlanılanların polisə müqavimət göstərmədiklərini və heç bir yolu bağlamadıqlarını bildirib. Vəkil qeyd edib ki, onlar sadəcə prosesi izləmək istəyiblər.

Vəkil bu hadisənin süni olaraq, əvvəlcədən yaradıldığını ehtimal edir. Saxlanan dindarların əksəriyyəti sərbəst buraxılıb. Onlar 50 manatdan 800 manata qədər müxtəlif məbləğdə cərimə olunub.

İlahiyyatçı Taleh Bağırov martın 31-də saxlanılıb, iki gün sonra Sabunçu məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (narkotik əldə etmə və saxlama) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

Bağırazadə ittihamı qəbul etmir və həbsinin əsl səbəbinin martın 24-də xütbəsində hakimiyyətin ünvanına səsləndirdiyi kəskin tənqid olduğunu bildirib. O vicdan məhbusu kimi tanınıb.