Accessibility links

Tale Bağırzadənin tərəfdarlarından 4 nəfərə cinayət işi başlanıb


Həbs
Həbs

Oktyabrın 28-də məhkəmənin qarşısında qarşıdurma olub. Çoxsaylı insan saxlanıb

Oktyabrın 28-də Sabunçu rayon məhkəməsində ilahiyyatçı Tale Bağırzadənin işi üzrə keçirilən məhkəmə prosesində iştirak etmək istəyən 4 nəfər barəsində cinayət işi başlanıb.

Sabunçu Rayon Prokurorluğundan Amerikanın Səsinə bildiriblər ki, saxlananlardan 4 nəfərə qarşı Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi qaldırılıb. Prokurorluq onlar adlarını hələlik açıqlamayıb.

İstintaq qrupu yaradılıb və prokurorluq araşdırmalarını davam etdirir.
İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin yaydığı bəyanatda deyilir ki, Tale Bağırzadənin məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq Bağırzadənin tərəfdarları məhkəmə zalına buraxılmayıb və dövlət məmurları ilə onlar arasında problem yaranıb. Hadisə ilə əlaqədar çoxsaylı insan saxlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, T.Bağırzadənin yaxınları və tərəfdarları məhkəmə zalında müxtəlif şüarlar səsləndirməklə, ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin normal işini pozmağa cəhd ediblər. Onlar Ədliyyə Nazirliyi işçiləri və polis əməkdaşlarının intizama dəvət edən qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Eyni zamanda, həmin şəxslər müəyyən xuliqanlıq hərəkətləri etməklə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və bir neçə əməkdaşa xəsarətlər yetiriblər.

Öz növbəsində vəkil Cavad Cavadov saxlanılanların polisə müqavimət göstərmədiklərini və heç bir yolu bağlamadıqlarını bildirib. Vəkil qeyd edib ki, onlar sadəcə prosesi izləmək istəyiblər.

Vəkil bu hadisənin süni olaraq, əvvəlcədən yaradıldığını ehtimal edir.
Dünən saxlanan dindarların əksəriyyəti sərbəst buraxılıb. Onlar 50 manatdan 800 manata qədər müxtəlif məbləğdə cərimə olunub.

Tale Bağırzadənin tərəfdarlarının məlumatına görə, Musarza Heydərzadə, Abbas Hüseynov və Nail adlı şəxslərin hələ də polisdə saxlanılır.
XS
SM
MD
LG