Suriyada hökumət tərəfdarları ölkənin başlıca böyük şəhərlərində Ərəb Liqasının Suriyanın təşkilatda üzvlüyünü dayandırması qərarının əleyhinə nümayişlər keçirir. Suriya hökuməti isə Ərəb Liqasını təcili iclas keçirməyə çağırır.
Dövlət televiziyasında Dəməşq, Hələb və başqa böyük şəhərlərdə çox sayda insanın hökumətə dəstək məqsədilə yürüş keçirdiyini göstərən video görüntülər nümayiş etdirilib. Nümayişçilər Suriya bayraqlarını dalğalandırıb, əllərində prezident Bəşar Əl-Əsədin portretlərini tutublar.
Ərəb Liqası Əsəd hökuməti müxalifətlə dialoq qurmaq və səkkiz aydır sürən üsyanın zorakılıqla yatırılmasına son qoymaq kimi irəli sürülmüş təklifləri qəbul etməsə, Suriyanın təşkilatda üzvlüyünü çərşənbə günündən etibarən dayandırılması haqda qərar qəbul edib.
Suriya hökuməti təşkilata üzvlüyün dayandırılmasından öncə böhranı müzakirə etmək məqsədilə Ərəb Liqasının təcili iclasının keçirilməsinə çağırıb.
Bir sıra ölkələr Əsəd tərəfdarlarının Ərəb Liqasında səsvermədən sonra Dəməşqdə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə səfirliklərinə hücum etməsini qınayıb.
Türkiyə Xarici İşlər nazirliyi Suriyada Türkiyə diplomatlarının ailələrini ölkədən təxliyyə etməyə başlayıb.