Suriyada zorakılıqlar davam edir

Suriya silahlı qüvvələri gələn həftə çərşənbə axşamı gününə qədər BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılığın şərtlərinin yerinə yetirilməsi üçün qoyulmuş son möhlətdən öncə müxalifətin mövqelərinə hücum etməyə davam edir.

Suriyada İnsan Hüquqlarını Monitorinq qrupunun bildiridyinə görə, şənbə günü zorakılıqlar zamanı 100-dən çox insan həlak olub. İnsan haqları qrupu ölənlərin üçdə ikisinin mülki vətəndaşlar olduğunu və hökumət qüvvələrinin əsas hücumlarının ölkənin mərkəzində yerləşən Həma regionunda baş verdiyini bildirir.

İnsan haqları qrupları və şahidlər hərbi qüvvələrin müxalifətin mövqelərini atəşə tutduğu və bir neçə bölgədə hökumət qüvvələri ilə müxalif qüvvələr arasında toqquşmaların baş verdiyi haqda məlumat verir.

Müxalif Suriya Milli Şurasının sözçüsü Ausama Monaced deyib ki, hökumət aprelin 10-u son möhlətə qədər müxalif qüvvələri məhv etməyə çalışır.

Suriya hökuməti BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın vasitəçiliyi ilə əldə edilmiş sülh planının şərtlərinİ yerinə yetirməyə söz verib. Razılığa əsasən, müxalifət hökumətin vədinə əməl etməsindən 48 saat sonra silahı yerə qoymalıdır.

Ausama Monaced deyib ki, Suriya Milli Şurası sülh planını dəstəkkləyir, lakin prezident Bəşar Əl-Əsədin onun şərtlərini yerinə yetirəcəyinə şübhə ilə yanaşır.