Sərhədsiz reportyorlar islamazeri.com saytının redaktorunun həbsini pisləyir

Jurnalist narkotik və silah saxlamaqda ittiham edilir.

Abşeron rayon məhkəməsi islamazeri.az saytının redaktoru Ramin Bayramovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Jurnalist narkotik və silah saxlamaqda ittiham edilir. Yerli QHT-lər, bir çox beynəlxalq qurumlar ittihamı əsassız sayaraq R.Bayramovun həbsinə səbəb kimi jurnalist fəaliyyətini göstərir.

Vəkil Elçin Namazov jurnalistin həbsini ölkədə azad fikrə yer olmaması, iqtidarın tənqidə dözümsüzlüyü kimi dəyərləndirib. “İslamazeri.com” xəbər portalının redaktoru Ramin Bayramovun həbsi siyasi sistemin acizliyi, məhkəmələrin asılı olmasının daha bir təsdiqidir”.

O, jurnalistə qarşı ədalətsizliyin ölkədə aradan qaldırılacağına inanılmadığını bildirib, Avropa məhkəməsi vasitəsilə aradan qaldırılmasının mümkünlüyünü nəzərə çatdırıb.

“Sərhədsiz reportyorlar” beynəlxalq jurnalistlərin hüquqlarını müdafiə təşkilatı

Azərbaycanda Abşeron məhkəməsinin islamazeri.az saytının redaktoru Ramin Bayramovun bir il yarım müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərarından narahatdır. “İyulun 11-də həbs edilmiş Ramin Bayramov Azərbaycanda iranyönümlü sektorun aradan qaldırılması prosesində növbəti qurban oldu”, deyə təşkilatın bəyanatında bildirilir.
“Bakı və Tehran öz aralarında münasibətlərin aydınlaşdırılması zamanı jurnalistlərin cəzalandırılması təcrübəsinə son qoymalı və ifadə azadlığını təmin etməlidir. Bu mənada Ramin Bayramovun öz baxışlarını tam ifadə etmək hüququ var”, - deyə sənəddə qeyd edilir.
Cənab Bayramov Azərbaycan İslam Partiyası fəallarının İranın Bakıdakı Mədəniyyət Mərkəzinin pərdəsi altında fəaliyyət göstərən “Cəfəri” qrupu ilə əməkdaşlıq ittihamı ilə saxlandığı gün həbs edilib. Lakin, Bayramova qarşı qanunsuz silah və narkotik maddə saxlamaq ittihamı irəli sürülüb.