Sərhədsiz Reportyorlar dünya ölkələrində mətbuat azadlığı indeksini açıqlayıb

  • Azerbaijani Service

Sərhədsiz Reportyorlar dünya ölkələrində mətbuat azadlığı indeksini açıqlayıb

“Sərhədsiz Reportyorlar” beynəlxalq medianı monitorinq təşkilatı 2011-2012-ci illər dünya ölkələrində mətbuat azadlığı indeksini göstərən hesabatını açıqlayıb. Təşkilat 2011-ci ildə “Ərəb Baharı” ölkələrində xalq hərəkatlarını və orada gedən proseslərin builki hesabatın hazırlanmasına təsirini qeyd edib.

Mətbuat indeksinə dair 10-cu hesabatını açıqlayan təşkilat bildirir ki, demokratiya istəyi və müxalifət hərəkatının işıqlandırıması bir çox media vasitələrinə baha başa gəlib, dünya ölkələrində hökumətlər xəbərlərə və informasiyaya nəzarət etməyə davam edib və bu, totalitar və repressiv rejimlər üçün ölüm-dirim məsələsi olub. Sərhədis Reportyorlar bu il vətəndaşların xəbərlər və informasiyanın internet vasitəsilə yayılmasında rolunu vurğulayıb.

Dünya ölkələrində azad mətbuatın vəziyyətinin ən pis olduğu üç ölkə Eritreya, Türkmənistan və Şimali Koreyadır. Mətbuat azadlığı indeksi siyahısında vətəndaş azadlıqlarına imkan verməyən diktatura rejimlərinin mövcud olduğu bu ölkələr 179 ölkə arasında son üç yeri tutur.

Mətbuat azadlıqlarına ən çox hörmət edilən ölkələr isə keçən ilki kimi eyni birinci yerlərdə olan Finlandiya, Norveç və Niderlanddır. “Sərhədsiz Reportyorlar”ın bildirdiyinə görə, bu bir daha onu xatırladır ki, media müstəqilliyi güclü demokratik sistem olduğu yerdə mümkündür və demokratiya üçün media azadlığı lazımdır.

Təşkilat Belarus və Azərbaycanda müxalifətin demokratiya uğrunda hərəkatının repressiyalara məruz qaldığını qeyd edərək, bu ölkələrin siyahıda aşağı yerləri tutduğunu bildirir. Aleksandr Lukaşenko və İlham Əliyevi mətbuatın qənimi adlandıran “Sərhədsiz Reportyorlar” Belarus və Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyini göstərir.

Hesabatda rəsmi Bakının sosial media şəbəkələrə ciddi nəzarət etdiyi və vətəndaşların ölkədə internet vasitəsilə nümayişlərə çağıran həbsə alındığı qeyd edilir. Burada zorakılıq hallarnın yenidən yer aldığı, müxalif jurnalistlərin döyülməsi, fiziki hədələr və hücumlar, habelə jurnalistlərin oğurlanması hallarının davam etdiyi və son beş ildə Azərbaycanda ilk dəfə bir jurnalistin qətlə yetirildiyini bildirilir.

Hesabata əsasən, Türkiyədə vəziyyət son il daha da pisləşib və ölkə keçən illə müqayisədə 10 pillə enərək bu il 148-ci yerdə durur. Sənəddə deyilir ki, Türkiyədə çeşidli və dinamik medianın olmasına baxmayaraq, 2011-ci ildə jurnalistlərin ədliyyə orqanları tərəfindən təqib edilməsi müçahidə edilib.

“Sərhədsiz Reportyorlar” 142-ci yerdə olan Rusiyada mətbuat azadlığı sahəsində vəziyyətin acınacaqlı olduğunu bildirir. Lakin buna baxmayaraq, təşkilat təhqir və böhtana görə cəzanın ləğvini müsbət inkişaf kimi qiytmətləndirir.

“Sərhədsiz Reportyorlar” Avropa ölkələrində media azadlığı ilə bağlı 38-ci yerdə olan Fransada vəziyyətin hələ də qənaətbəxş olmadığını qeyd edir və bildirir ki, ölkədə jurnalistlərin istifadə etdiyi mənbələrin məxfiliyi və hökumət rəsmiləri ilə əlaqədar təhqiqat aparmaq üçün məhdud imkanlar narahatlıq doğurur.