Prezident seçkiləri zamanı ispandilli amerikalılar tərəfindən güclü dəstək qazanan prezident Obama geniş immiqrasiya islahatları aparacağına söz vermişdi. Yüzlərlə mühacirət tərəfdarı prezident Obamaya mesajlarını çatdırmaq üçün Ağ Evin qarşısına toplaşıb. Verilən söz - mühacirət islahatları idi. Bu nümayiş yarı siyasi şou, yarı qəzəb, yarı rəqs ziyafətidir. “Hey, Obama, mənim anamı deportasiya etmə”-deyə, gənclər bağırır.
Lakin bu çağırışlar anaların deportasiyasının qarşısını ala bilmir. Bir qadın ona qarşı zorakılıq işlənilən zaman polisə zəng edəndən sonra həbs edildiyini deyir. O, deportasiya ilə üzləşir. “Mən qızımdan ayrılmamaq və bu ölkədə milyonlara mühaciri qoruyacaq qanun üçün mübarizə aparıram,” deyə o bildirir.
Konqresmen Luis Qutierez də daxil edilməklə, mühacirləri müdafiə edən bir qrup fəal polis tərəfindən nəzarət alıtına alınıb. Qutierez immiqrasiya islahatlarını dəstəkləyir. O, sənədsiz insanların və mühacir tələbələrin deportasiyasına son qoyulmasına çağırır.
Ağ Evin qarşısına toplaşanlar prezident Obamanın seçilməsindən bəri bir milyondan çox mühacirin deportasiya edildiyini deyirlər. Bu yaxınlarda ispandilli fəalların qarşısında etdiyi çıxışı zamanı prezident Obama Respublikaçıları immiqrasiya islahatlarının keçirilməsinə mane olmaqda ittiham edib. “Gəlin səmimi olaq. Mən bu oyunda özümə tərəfdaş istəyirəm, lakin bu yer boşdur.”
Siyasi təhlilçilər cənab Obamanın 2012-ci il seçkiləri zamanı ispandillilərdən dəstək almaq istədiyini deyirlər. Lakin Gallup-un son rəy sorğuları ispandillilərin prezidentə dəstəyinin azaldığını göstərir.
İnsanların hiddətini keçirilən yürüşdə də görmək olar. Vyetman müharibəsinin veteranı Manuel Valenzuela Birləşmiş Ştatların veteranları deportasiya etməsini Amerika dəyərlərinə zidd adlandırır.
Kapitolidəki biznes liderlərin də mühacirət islahatlarını dəstəkləmələrinə baxmayaraq, onların buna maraqları başqadır. Onları yüksək səviyyəli mütəxəssislərə təcili olaraq viza verilməsini istəyirlər. Onlar mühacirət məsələlərinin ləng getdiyi üçün Birləşmiş Ştatların yüksək səviyyəli mütəxəssisləri itirdiyini deyirlər.
Microsoft şirkətinin vəkili Bred Smit deyir ki, başqa ölkələrdə yüksək səviyyəli mütəxəssislərlə bağlı mühacirət siyasəti var.
İqtisadiyyatdakı böhran hal-hazırda Vaşinqtonda bir çox məsələlərin həllini ləngidir. Məsələ burasındadır ki, genişmiqyaslı immiqrasiya islahatları üçün bir qədər vaxt lazımdır.