“Hazırda Rüfət danışmaq imkanında deyil. O, halsızdır, uzanıb”.
Bu barədə Zərdab rayon prokurorluğunun istefa vermis müstəntiqi Rüfət Səfərovun həyat yoldaşı Nuray Səfərova Amerikanın Səsinə bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak edən şəxslərdən biri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov ədalətsizliyə və atasına qarşı təzyiqlərə etiraz olaraq dekabrın 21-də Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.
Bundan sonra onun iş otağında və yaşadığı evdə axtarış aparılıb. Şəxsi komputeri götürülüb, mobil telefonlarına baxış keçirilib. Səfərov dekabrın 21-dən bunlara etiraz olaraq aclıq aksiyasına başlayıb.
Nuray Səfərovanın sözlərinə görə, hazırda Zərdab şəhərində olan Rüfət Səfərovun təzyiqi çox yüksəkdir (170/110-dur). “Təcili təxirəsalınmaz tibbi yardım çağırdıq. Həkimlər Rüfətə aclığı dayandırmasını dedilər. Ona sakit halda uzanmağı məsləhət bildilər. Lakin Rüfət aclığı davam etdirir”, Nuray Səfərova qeyd edib.