Kenyanın ən böyük qaçqın düşərgələrinin birində 300 mindən çox uşaq poliomielit və qızılca əleyhinə vaksin qəbul edir. Tibb işçiləri uşaqları öldürücü parazit və viruslardan qorumaq üçün onlara həm də A vitamini və antibaktereoloji həblər verirlər.
Kəskin aclıq bir uşağın gözlərinin tutulmasına səbəb olub. Anası isə hələ ümidini üzməyib, fikirləşir ki, qızı bir gün yenə görəcək: “Dua eləyirəm ki, o sağalsın, yoxsa, eləyə biləcəyim bir şey yoxdur, hər şeyi Allahın ümidinə buraxacam”.
Həkimlər isə onun sağ qalacağına heç bir ümidin olmadığını deyirlər. BMT-nin hesabına görə, Somali yarımadasında (Afrika buynuzu bölgəsi) hər gün 40-50 uşaq pis qidalanmadan ölür. BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru Josette Sheeran deyir ki, quraqlıq o həddədir ki, analar Kenya və Efiopiyadakı qaçqın düşərgələrinə günlərcə yol gedərkən dözə bilmirlər və səhhəti zəif olan uşaqları qoyub gedirlər:
“Hər dörd uşaqdan biri doğrudan da təhlükəli vəziyyətdədir və bu uşaqlar qidasızlığın dördüncü dərəcəsinə çatsalar, ancaq 40 faizi xilas etmək mümkün olacaq”.
Pediatrlar bildirirlər ki, pis qidalanan uşaqlar infeksiyalara daha həssasdırlar və belə ölüm halları daha çox beş yaşına qədər uşaqlar arasında yayılıb. Kütləvi aclığın hökm sürdüyü Afrikada hazırda iki milyon uşaq malyariya və kala-azar (leyşmaniya) xəstəliklərindən əziyyət çəkir.