“Siyasi məhbuslar, o cümlədən jurnalist Seymur Həzi dərhal azad edilsin”

Siyasi məhbuslar (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)

Leyla Yunus və digər siyasi məhbusların Hüquqlarını Müdafiə Komitəsi, Xalq Cəbhəsi və Müsavat Partiyaları bəyanatla siyasi həbsləri pisləyir

Leyla Yunus və digər siyasi məhbusların Hüquqlarını Müdafiə Komitəsi (HMK) siyasi həbslərə etiraz bəyanatı yayıb. Bununla yanaşı AXCP və Müsvat Partiyası jurnalist Seymur Həzinin həbsini pisyəyən bəyanatla çıxış edib.

Leyla Yunus və digər siyasi məhbusların Hüquqlarını Müdafiə Komitəsinin bəyanatında deyilir ki, son prezident seçkilərindən sonrakı repressiyaları miqyasına və amansızlığına görə müstəbid rejimlərdəki təqib və zorakılıqlarla müqayisə etmək olar.

Sənəddə “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin saxta ittihamlarla həbsə alınması rəsmi Bakının müstəqil mətbuat önündə qorxusunun və müstəqill mətbuata qarşı patoloji nifrətinin göstəricisi kimi dəyərləndirlir.

Bəyanatda daxili işlər nazirinin Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə qarşı məhkəmə iddiası əsassız sayılır.

Müdafiə Komitəsi Milli Şuranın Mətbuat Xidmətinin rəhbəri, hüquq müdafiəçisi Oqtay Gülalıyevin azyaşlı oğluna qarşı cinayət işi qaldırlmasını pisləyir. “Maraqlıdır ki, 1 il öncə -2013-cü ilin sentyabrında naməlum şəkildə bir qrup tərəfindən vəhşicəsinə döyülüb bıçaqlanaraq ölümdən dönən məktəbli Əli Gülalıyev zərərçəkmiş şəxsdən sonradan təqsirləndirilən şəxsə “çevrilir”, sənəddə qeyd edilir.

“Bir daha mətbuat təmsilçilərinə, ictimai-siyasi fəallara qarşı həyata keçirilən repressiyaları qətiyyətlə pisləyir, bu siyasətin dayandırılmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd-şərtsiz azad olunmasını tələb edirik”, Müdafiə Komitəsinin bəyanatında qeyd edilir .

AXCP bildirir ki, dünyada vəziyyətin gərginləşməsindən sui-istifadə edən Azərbaycan hökuməti repressiyaları ardıcıl şəkildə davam etdirir.

"Aydındır ki, Seymur Həzinin həbsinin hədəfi birbaşa AXCP, "Azadlıq" qəzeti və "Azərbaycan saatı" televiziya proqramıdır. Seymur Həzinin hakimiyyətin hər bir addımını ifşa edən dərin analizlərinə, kəskin teleçıxışlarına, facebookda yazdığı statuslarındakı öldürücü ironiyaya tab gətirə bilmədilər. Әsəbləri dözmədi. Jurnalistin həbs qərarı çoxdan verilmişdi. Özünü xəbərdar etmişdilər. Uğurlu bəhanə axtarırdılar, tapa bilmədilər, ona görə də heç bir bəhanəsiz tutdular”, AXCP sədri Əli Kərimli qeyd edir.

Müsavat Partiyasının bəyanatında da son aylardakı həbslərə, o cümlədən “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin həbsinə etiraz bildirlir.

“Bu həbsləri qəti şəkildə pisləyir, hakimiyyətdən fərqli düşünənlərə qarşı siyasi repressiya tədbirlərinə son qoyulmasını, S.Həzi və digər siyasi məhbusların həbsdən azad olunmasını tələb edirik”, sənəddə qeyd edilir.

Öz növbəsində rəsmi Bakı Azərbaycanda siyasi məhbus olmadığını, insanların əqidə və fikirlərinə görə həbs edilmədiyini bildirir. “İnsanlar qanun qarşısında bərabərdir”, deyə hökumət rəsmiləri bildirib.