Hüquq müdafiəçiləri və türk fəallar Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Rəsul Rəzəvi, eləcə də Tehranın Evin Həbsxanasında saxlanılan və ailəsilə uzun müddətdir təmas qura bilməyən Siyamək Mirzayinin taleyi ilə bağlı narahatlıqlarını bildirirlər.
Tanınmış fəal Rəsul Rəzəvinin “məhkəmə hökmləri və təhlükəsizlik qurumunun məhkəmə prosesinə müdaxiləsinə” etiraz olaraq başladığı aclıq aksiyasından təqribən 3 həftə keçir.
İnsan haqları qrupları Rəzəvinin keçən may və iyun aylarında da təqribən 25 günlük aclıq aksiyası keçirdiyinə diqqət çəkərək onun sağlığının kritik durumda olduğunu vurğulayırlar.
Təbrizli fəal dəfələrlə müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri, Urmiyə Gölü ilə bağlı aksiyalar və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.
İran Azərbaycanı ilə bağlı məlumat yayan internet portalları həmçinin əslən Ərdəbilin Muğan bölgəsindən olan və hazırda Tehranın Evin Həbsxanasında saxlanılan Siyamək Mirzayinin ailəsinin onunla təmas qura bilmədiyini bildirirlər.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) veb səhifəsi, Mirzayinin yaxınlarına istinadən, onun ailəsilə görüşmək və telefon əlaqəsi qurmaqdan məhrum olduğunu qeyd edib.
“Siyamək Mirzayinin atası deyib ki, oğlumun taleyi ilə bağlı heç nə demirlər. Oğlumun yaşayıb ya yaşamadığı bəlli deyil,” deyə GAMAC saytında yazılıb.
Siyamək Mirzayi iyul ayının 24-də İran Azərbaycanının Muğan bölgəsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq öncə Ərdəbil Ettelaat həbsxanasına, oradan isə Tehranın Evin həbsxanasında Ettelaata aid 209-cu bölməyə göndərilib.