Beynəlxalq Hüquqşünaslar Assosiasiyası (IBAHRI) azərbaycanlı hüquq müdafiəçisi İntiqam Əliyevin barəsində çıxarılan hökmü pisləyib və Azərbaycan hökumətini ona yenidən baxmağa çağırıb.
Bu barədə IBAHRI-nin məlumatında deyilir.
İ.Əliyev Avropa İnsan Hüquqları Məhkəməsində insan hüquqları pozuntusunun qurbanı olan 100-dən çox insanın hüquqlarını müdafiə edib. O 2014-cü il avqustun 8-də vergi ödənişindən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamı ilə həbs olunub.
2014-cü il dekabrın 15-də ona qarşı əlavə olaraq mənimsəmə və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.
2015-ci il aprelin 15-də 7,5 il müddətinə mühakimə olunub.
IBAHRI-nin həmsədri baronessa Helena Kennedi bununla əlaqədar bildirib.
“İntiqam Əliyevin mühakimə olunması göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına və hüquq müdafəçilərinə, əsasən ifadə azadlığı hüququnu həyata keçirənlərə qarşı siyasi motivli təqib modeli mövcuddur.
IBAHRI Azərbaycan hökumətini İntiqam Əliyevin barəsində hökmə yenidən baxmağa çağırır. Çünki Azərbaycanın bütün vətəndaşları ölkənin də qoşulduğu mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində zəmanət verilmiş ədalətli məhkəmə çəkişmə hüququna malikdir.
IBAHRI Azərbaycanı Avropa İnsan Hüquqları Konvensiyasının 6 və 10-cu maddəsinə uyğun olaraq öz öhdəliklərinə sadiq olmağa çağırır.
“Tezliklə Azərbaycan paytaxtı Avropa Oyunlarını qəbul edəcək və dünyanın diqqəti Bakıya yönələcək.IBAHRI Azərbaycan hökumətini beynəlxalq və Avropa qanunvericiliyinə uyğun olaraq, o cümlədən öz vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı öhdəliklərini xatırladır”, - Helena Kennedi vurğulayıb.