İbtidai istintaqdan tutmuş məhkəmə prosesinə kimi bütün proses özü qanunsuz oldu
“İbtidai istintaqdan tutmuş məhkəmə prosesinə kimi bütün proses özü qanunsuz oldu,” deyə Amerikanin Səsinə danışan vəkil Şəhla Hümbətova İntiqam Əliyevin məhkəmə prosesində digər siyasi məhbusların məhkəmələrindən fərqli nəticə gözlənilmədiyini bildirir. O, proses zamanı bir çox qanun pozuntuları ilə üzləşildiyini və prosesin tam hüquqdan kənar olduğunu deyir. Vəkil isitntaqın müdafiə tərəfinin təqdim etdiyi heç bir sənədi, sübutu qəbul etmədiyini və prosesin istintaqın müəyyən etdiyi istiqamətdə irəlilədiyini bildirir.
Xanım Hümbətova beynəlxalq təşkilatların sərt reaksiya və ya mövqe bildirmələrindən başqa edə biləcəkləri heç nəyin olmadığını deyir. Şəhla xanım əlavə edir ki, xarici təşkilatlar ölkədə monitorinq keçirirlər, müşahidəçilərini göndərirlər, lakin onların narahtlıqları yalnız bəyanatlarla məhdudlaşır. “İnanmıram ki, hansısa Avropa strukturunun reaksiyası nəyəsə təsir etsin,” deyə o, bildirir.
Şəhla Hümbətova İntiqam Əliyevin həbsinin Azərbaycan cəmiyyəti üçün itki olduğunu vurğulayıb. Cənab Əliyev 20 ildən artıqdır hüquq maarifləndirməsi ilə məşğuldur və ölkədə hüquq mədəniyyətinin yaranması üçün çalışıb. “İntiqam müəllimdən başqa heç kəsin hüquq maarifləndirməsi tipli işlər görəcəyinə inanmıram,” deyə o bildirir. Vəkilin sözlərinə görə Azərbaycanda fəaliyyət göstərən bir çox vəkilin, polisin və hakimin hüquqşünaslığı İntiqam bəyin yazdığı və ya tərcümə etdiyi kitablardan öyrəniblər.
Artıq insan hüquqları pozuntuları barədə danışan insanlar da qalmayıb
“Artıq insan hüquqları pozuntuları barədə danışan insanlar da qalmayıb,” deyə Şəhla xanım hazırda Azərbaycanda insan hüquqları barədə danışan insanların çox az olduğunu, onların isə həbs təhlükəsi ilə üzləşdiyini və ölkədə insan hüquqları anlayışının artıq yalnız kağız üzərində mövcud olduğunu bildirir.