Baş Prokurorluq jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulmasına aydınlıq gətirib

Xədicə İsmayıl

Jurnalist onun hansı cinayət işi üzrə ölkədən çıxışına qadağa qoyulmasından xəbərsiz olduğunu deyir

Baş Prokurorluq jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyub. Bu qadağa cinayət işi ilə bağlıdır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə məlumat verib.

«Xədicə İsmayılın qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, eləcə də aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Buna görə də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub».

Lakin o, söhbətin konkret hansı cinayət işindən getdiyini açıqlamayıb.

Xədicə İsmayıl onun hansı cinayət işi üzrə ölkədən çıxışına qadağa qoyulmasından xəbərsiz olduğunu deyir.

«Ümumiyyətlə, mənə bu barədə heç bir xəbərdarlıq, ya məlumat verilməyib. Mən bu barədə hava limanında sərhədçilərdən xəbər tutmuşam» deyə X.İsmayıl söyləyib.