Binəqədi rayon Məhkəməsində Elman Həsənovun (Türkoğlu) jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.
Məhkəmənin mühafizə xidməti hakimin qərarına əsaslanaraq, jurnalistləri və ictimaiyyət nümayəndələrini zala buraxmayıb.
Lakin hakim Sədrəddin Hacıyev özü prosesdə bildirib ki, belə bir göstəriş verməyib.
Bu barədə məhkəmənin iclasından sonra İsmayılova özü Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, iddiaçı öz bəyanatına İsmayılovanın Həsənovu nüfuzdan salan material yaydığı deyilən iki səhifə əlavə edib.
Lakin iddiaçı bu materialların jurnalistin facebook səhifəsindən götürüldüyü barədə dəlil təqdim etməyib.
İsmayılova deyib ki, o, Həsənovun adı keçən material yaymayıb. Buna görə o, məhkəmədə nədə ittiham olunduğunun ona aydın olmadığını, buna görə ifadə verməkdən imtina etdiyini bildirib.
Müdafiə tərəfi həmçinin İsmayılovanın bu işlə əlaqəsi olduğunu sübut edən dəlillərin, daha dəqiq isə onun facebook səhifəsindən Türkoğlunun adı keçən materialın yayıldığını təsdiq edən skrinşotun təqdim edilməsi barədə vəsatət qaldırıb.
Bundan başqa, müdafiə tərəfi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsindən İsmayılovanın 2014-cü ilin fevral-mart yalarında jurnalistin dövlət sirri yayması haqqında ittihamların araşdırılması zamanı bu iş üzrə verdiyi ifadələrin istənilməsi barədə vəsatət verib.
İsmayılovanın sözlərinə görə, hakim hər iki vəsatəti təmin edib və növbəti iclası 10 oktyabr saat 17:00-a təyin edib.
İsmayılovanın vəkili Elton Quliyev müvəkkilinin təqsirinin heç bir sübutu olmadığını bildirib.
***
Oktyabrın 9-da Binəqədi rayon Məhkəməsində hakim Sədrəddin Hacıyevin sədrliyi ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) keçmiş üzvü, Elman Həsənovun (Türkoğlu) araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb.
Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə proses qapalı keçirilir.
Prosesdə iddiaçı, cavabdeh olan şəxs və vəkil iştirak edir.
Məhkəmə nəzarətçisi prosesə qatılmaq istəyən fəal vətəndaş cəmiyyətinin nümayəndələrinə, diplomatik missiyaların əməkdaşlarına və jurnalistlərə bildirib ki, prosesin gedişatına mane ola bilərlər. Bu səbədən hakim prosesi qapalı keçirir. Jurnalistlərin çəkiliş aparmasına da icazə verilməyib.
Milli Şuranın sədri Cəmil Həsənli prosesin qapalı keçirilməsinə narazılığını bildirib.
"Cəmiyyət bundan xəbərdar olmalıdır. Sənədlə bağlı həqiqətlər ortaya çıxmalıdır”, o Amerikanın Səsinə bildirib.
Öz növbəsində Xədicə İsmayılova proses başlamazdan əvvəl Amerikanın Səsinə verdiyi müsahibəsində bu iddia ərizəsini böhtan və provakasiya adlandırıb.
Elman Türkoğlu deyib ki, Xədicə İsmayılova "Facebook"da yaydığı bir sənədlə onun şərəf və ləyaqətini təhqir edib, böhtan atıb.
Buna görə də Həsənov onun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Elman Türkoğlu deyib ki, həmin sənəd 2014-cü ilin fevralında yayılıb.