Sentyabrın 24-də vəkillər Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. Vəkillər üçüncü cəhddən sonra hüquq müdafiəçisi ilə görüşə bilib.
Görüşdən sonra Leyla Yunusun vəkilləri Elçin Qəmbərov, Fariz Namazlı, Cavad Cavadov, Xalid Bağırov, Əlayif Həsənov Amerikanın Səsinə birgə açıqlama göndərib.
Açıqlamanı təqdim edirik:
“Leyla xanımın bildirdiyinə görə, son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından soyuq su ilə çimməli olub, bunun nəticəsində bərk soyuqlayıb. Bir neçə gün qızdırma içərisində yatıb. Bu durumuna baxmayaraq, ona heç bir tibbi yardım
göstərilməyib. Leyla xanım, qızdırmalı yatdığı halda, bazar günü onun kamerasında “şmon” (axtarış-red) keçirilib və nəzarətçilər ciddi şəkildə hansısa yazıları axtarıb.
Axtarışdan sonra, Leyla xanımın yaxınları ilə telefon ünsiyyəti hüququna bir aylıq qadağan qoyulub. Leyla xanımın bildirdiyinə görə,
bu həftənin 1-ci və 2-ci günü bərk qızdırması olduğundan və yeriməyə halı olmadığından vəkillər Xalid Bağırov və Elçin Qəmbərovla görüşə çıxa bilməyib.
Leyla xanım onu da, bildirib ki, dünən günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı, mayor Yaqubov kamerasına gəlib, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb, orada saçından tutub yerə yıxıb və yerdə sürüyüb. Bu zaman ona, “ağıllanmırsan da, sən?” deyə bağırıb. Böyründən zərbələr endirib.
Saçının yolunmuş olmasını vəkillər də müşahidə ediblər”.
Vəkillər Leyla Yunusla bağlı yaranmış durumu biabırçılıq və yolverilməz olduğunu bildirir və aidiyyəti orqanlardan təxirəsalınmadan araşdırma aparılmasını, təqsirli şəxslərin cəzalandırılmasını və Leyla Yunusa təcili müvafiq yardım göstərilməsini tələb edir.
Bununla bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən hələ şərh almaq mümkün olmayıb.