Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu 1 saylı Bakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusa qarşı təzyiqləri, QHT-lərə, hüquq müdafiəçilərinin həbsini, vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyin sərtləşdirilməsini pisləyib.
Hüquq müdafiəçiləri bütün siyasi məhbusların həbsdən azad edilməsi ilə bağlı prezidentə müraciət edəcək.
O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, bir neçə gün əvvəl həmkarı Mirvari Qəhrəmanlı ilə birlikdə baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb.
Hüquq müdafiəçiləri Leyla Yunus barəsindəki qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyi xahiş ediblər.
Dünən Cəfəroğlu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun digər üzvləri ilə birlikdə ombudsman Elmira Süleymanova ilə görüşüb və L.Yunusun başqa kameraya köçürülməsinə yardım etməyi xahiş edib.
Your browser doesn’t support HTML5
Hüquq müdafiəçiləri ombudsmanın diqqətini Yunusun dəfələrlə cinayət törətmiş şəxslərlə eyni kamerada saxlanılmasının yolverilməz olduğuna yönəldib.
Onlar həmçinin zərurət varsa, L.Yunusun xəstəxanaya yerləşdirilməli olduğunu bildiriblər.
Bundan başqa, hüquq müdafiəçiləri ombudsman yanında milli preventiv qrupun nümayəndələrini L.Yunusun yanına göndərməyi xahiş edib.
Süleymanova öz növbəsində hüquq müdafiəçilərinin xahişini ədliyyə naziri Fikrət Məmmədova çatdırmağı vəd edib.
Sentyabrın 24-25-də hüquq müdafiəçiləri parlament, icra hakimiyyəti nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə insan hüquqları üzrə beynəlxalq konfrans keçirmək niyyətindədirlər.
Bu konfransda hüquq müdafiəçiləri prezident İlham Əliyevə və birinci ledi Mehriban Əliyevaya, Əfv Komissiyasına Qurban Bayramı münasibəti ilə əfv fərmanı imzalamaq və bütün siyasi məhbusları, o cümlədən Leyla Yunusu həbsdən azad etmək çağırışı ilə müraciət qəbul etmək niyyətindədirlər.
Cəfəroğlu həmçinin son dövrlər QHT liderlərinə və hüquq müdafiəçilərinə təzyiqləri, həbsləri pisləyir.
Onun fikrincə, bu təcrübə Rusiyadan qaynaqlanır. “Çünki Rusiyada QHT-lərə total nəzarət var”.