Accessibility links

Leyla Yunus: Hətta Özbəkistanda, Belarusda həyat yoldaşlarını birlikdə həbs etmirlər


Kürdəxanıda 1 saylı İstintaq Təcridxanasında saxlanılan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan həyat yoldaşı Arif Yunusa növbəti məktub yazıb. Leyla Yunusa həyat yoldaşı ilə görüş verilmədiyindən məktubunu mediada dərc etdirməklə həyat yoldaşına çatdırır. Bu onun həbsxanadan həyat yoldaşına yazdığı dördüncü məktubdur. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

"Arif, əzizim!

Hakimiyyət təhqir, işgəncə və döyməklə məni fiziki cəhətdən məhv etməyi qaşısına məqsəd qoyub.

Dünən sentyabrın 11-də dəqiq anladım ki, hakimiyyət təhqir, işgəncə və döyməklə məni fiziki cəhətdən məhv etməyi qaşısına məqsəd qoyub. Dünən, hələ BMT nümayəndləri təcridxananın ikinci korpusunda olanda N.Hüseynova növbəti dəfə mənə hücum çəkdi. BMT nümayəndələri bizim kameradan çıxandan 6-7 dəqiqə sonra N.Hüseynova mənə hücum etdi. Tez qapını döyməyə qaçdım. Ancaq nəzarətçi Nəzakət Məmmədova BMT nümayəndələrini kameraya dəvət etmək xahişimi yerinə yetirmədi. Bundan əlavə, nəzarətçi mənə qarşı insan ləyaqətini alçaldan hərəkətlərini ikiqat artırdı. İndi tamamilə aydındır ki, mənim fiziki məhvim Prezident Aparatından gələn konkret tapşırıqdır. Bədənim qançır olub.

Arif, əzizim, sən yaşamalısan. Sən imkan verməməlisən ki, Dinara həm anasını, həm də atasını itirsin.

Arif, əzizim, sən yaşamalısan. Sən imkan verməməlisən ki, Dinara həm anasını, həm də atasını itirsin. Sən Dinaranın yanında qalmalısan. Özünü qoru, idman elə. Dinara barədə düşün, mənim barəmdə düşünmə.

Mən nə qədər sadəlövh olmuşam!

Arif, yadındamı, Azərbaycanda və Özbəkistanda insan haqlarının vəziyyəti barədə kitab yazmışdım. Özbəkistanda insan ləyaqətini alçaldan münasibət və işgəncələr siyasi məhbus olan qadınlara qarşı da tətbiq edilirdi. Yazmışdım ki, Azərbaycanda bu, mümkün deyil, çünki bizim qadının təhqirinə yol verməyən milli Qafqaz mentalitetimiz var. Mən nə qədər sadəlövh olmuşam!

Əliyev rejimi aydın şəkildə öz simasını nümayiş etdirir.

Bu əliyevlərin, ləmbəranskilərin, qasımovların, usubovların, yaqubovların Qafqaz kişisi mentaliteti yoxdur. Stalinin vaxtından Azərbaycanda ailələri həbs etmirdilər. Hətta Özbəkistanda, Belarusda həyat yoldaşlarını birlikdə həbs etmirlər. Əliyev rejimi aydın şəkildə öz simasını nümayiş etdirir.

Müxalif siyasi partiya mənə və İntiqama azadlıq tələb etmir.

Belə anlayıram ki, qorxu azadlıqdakı həmfikirlərin də əl-qolunu bağlayıb. Müxalif siyasi partiya mənə və İntiqama azadlıq tələb etmir, həbsxanada hüquqlarımızın qorunmasını tələb edir...

Oxudum və gözlərimə inanmadım. Necə deyərlər, görəcək günlərimiz varmış...

Arif, xahiş edirəm, sağ qal. Dinara üçün yaşa.

Sənin Leylan

12 sentyabr 2014-cü il".

Penitensiar Xidmət Leyla Yunusun məktubuna hələ münasibət bildirməyib. Amma qurumun ictimaiyyətlə əlaqələr şöbəsi dəfələrlə Penitensiar Xidmətin tabeliyində olan bütün cəzaçəkmə müəssisələrini tam nəzarətdə saxladığını və cəza çəkənlərlə bağlı narahatlığa heç bir ciddi əsas olmadığını bəyan edib.

XS
SM
MD
LG