Şərifə Cəfəri: Kommunist və Pantürkist olmaqda günahlandırıldım [Audio]

Şərifə Cəfəri

İnsan haqları qrupları İranın Azərbaycan vilayətlərində dil, kültür və incəsənət fəaliyyətlərinin məhdud olduğu və bu sahələrdə çalışanların davamlı olaraq hökümətin təqib, təhdid və basqılarına məruz qaldıqlarını deyirlər. Bu növ basqıların qurbanlarından biri, 2011 sentyabrında hökümət tərəfindən qapadılan Pinar nəşriyyatının müdiri Şərifə Cəfəri üzləşdiyi təzyiqlər haqda Amerikanın Səsinə müsahibə verib.

Şair, yazıçı, naşır və radio və TV prodüseri olan Şərifə Cəfəri Şərqi Azərbaycan vilayətinin Miyana şəhərindəndir. Fəaliyyətlərinə görə məruz qaldığı təqib və basqılar üzündən həbs edilmədən öncə ölkəni tərk edərək, təqribən 5 ay öncə o, qonşu Türkiyəyə köçüb, və hazırda Ankara şəhərində yaşayır.

Your browser doesn’t support HTML5

Naşir Şərifə Cəfəri İranda üzləşdiyi məşəqqətləri nəql edir


Xanım Cəfəri Pinar nəşriyyatını qurmazdan öncə Azərbaycanın Zəncan vilayətinda radio və telviziyasında yazıçı və redaktor kimi işləyib. Sonralar prodüseri olduğu Yaşıl Yarpaq adlı ədəbiyyat verilişinin yayılması məsullar tərəfindən dayandırılıb.

Onun sözlərinə görə, proqramın dayandırılmasının səbəbəi canlı veriliş əsnasında Azərbaycan Milli Höküməti dövründə fəal olan zəncanlı şairə Hökümə Billurinin adının çəkilməsi olub. Bundan sonra Zəncan radio-televizyası məsulları Şərifə Cəfərini proqramda kommunistləri təbliğ etməkdə günahlandırıblar.
Zəncan tele-radio qanunlarına görə, türk dilində olan verilişlərdə 40 faiz fars sözləri işlədilməli idi.


Azərbaycanlı şairə və ədəbiyatçı Hökümə Billuri 1926-cı ildə Zəncanda dünyaya gəlib. 1946-cı ildə güneydə Azərbaycan Milli Hökümətinin yıxılması ardından Azərbaycan Respublikasına köçmüşdü. Xanım Billuri 2000-ci ildə, 75 yaşında vəfat edib.
Şərifə Cəfərinin dediyinə görə, “Zəncan tele-radio qanunlarına görə, türk dilində olan verilişlərdə 40 faiz fars sözləri işlədilməli idi..”

Radio və televiziya işindən sonra, xanım Cəfəri kitab nəşri sahəsində çalışmağa qərar verərək Pınar Nəşriyyatını qurub. Nəşriyyatın Azərbaycanın mədəniyət, ədəbiyat və tarixi ilə bağlı yaydığı kitablar xalq tərəfindən yaxşı qarşılanıb və kitab sərgilərində uğur qazanıb. Amma naşirin dediklərinə görə, “Türk dilində kitabların çap olmasına çox çətin icazə verilirdi. Nəşr icazəsi alan kitabların bir çoxunda yazı qaydaları ilə bağlı problemlər çıxarır, yayım imkanı vermirdilər.”

“Sevgi Azadlıqdır” adlı şeir toplusu və türkcədən farscaya çevrilmiş “Muxtəsər Türk Tarixi” adında kitablar nəşr icazəsi alsalar da çapdan çıxdıqdan sonra yayılmalarına imkan verilməyib. Nəşriyyatın müdiri Şərifə Cəfəri bu dəfə artıq pan-türkçülük düşüncələrini təbliğ etməklə ittiham olunub.

İranda Azərbaycanlı Siyası Məhbuslarını Müdafiə Birliyinin (ADAPP) yaydığı bəyanatlara görə, “İranda Azərbaycan türkcəsində kitab nəşri çox məhduddur və daha öncə nəşr icazəsi olan kitabların yenidən buraxılmasına imkan verilmir.” İran İslam Respublikası son illərdə Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı məqalələr və kitablar yayan bəzi qəzetlər və nəşr mərkəzlərinin fəaliyyətini dayandırıb.