Çinli kor dissident ABŞ səfirliyini 6 gündən sonra tərk edib

ABŞ rəsmilərinin bildirdiyinə görə, çinli kor dissident ABŞ səfirliyinə müraciət edib. Ev dustaqlığından qaçan Çen Quançeng hazırda müalicəyə göndərilib. Dövlət Departamentinin sözçüsü onun Çində təhlükəsiz bir yerə göndərildiyini deyib. Lakin dissident səfirlikdən sığınacaq istəməyib.

Bəzi məlumatlarda Çenin xəstəxanaya ABŞ səfiri tərəfindən müşayiət edildiyi bilıdirilir.
Çin mətbuatı Çenin 6 gün səfirlikdə qaldığını yazır. Çinin Xarici İşlər Nazirliyi Amerikanın buna görə üzr istəməsini tələb edərək, Çenin qəbul edilməsini Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Çen 2006-cı ildə Çinin bir uşaq siyasətinə etiraz etdikdən sonra 4 il həbsə, 2010-cu ildən isə ev dustaqlığına məkhkum edilmişdi.
Bütün bunlar ABŞ dövlət katibi Hillari Klintonun Çinə səfərindən bir neçə saat öncə baş verib. O, ikigünlük səfəri çərçivəsində təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcək.