Serbiya prezidenti Boris Tadiç deyib ki, rəsmi Belqrad Avropa İttifaqında üzvlük perspektivlərinə təsir göstərsə belə Kosovo ilə bağlı siyasətdə heç bir güzəştə getməyəcək.
Cənab Tadiç Serbiyianın Avropa İttifaqına üzvlük ərizəsini geri götürməyəcəyini, lakin Kosovonun şimalında serblərin nəzarətində olan idarələri də ləğv etməyəcəyini bildirib. O, Serbiyanın Avropa İttifaqına üzv olmaq üçün bütün şərtlərə əməl etdiyinə təkid edib. Lakin bildirib ki, əgər Belqrad seçim etməli olsa, Serbiya onun sözlərilə, Kosovoda milli maraqlarının qorunub saxlanması və Avropa İttifaqına üzv olmaq kimi legitim maraqlarının heç birindən imtina etməyəcək.
Bu həftə Almaniya kansleri Angela Merkel bildirmişdi ki, Serbiyanın Avropa İttifaqına üzvlüyü Kosovo ilə bağlı danışıqlarda inkişafdan asılı olacaq. Serbiya 2008-ci ildə müstəqilliyini elan edən Kosovonun müstəqilliyini heç vaxt tanımayacağını bildirib. Kosovonun şimalında yaşayan serblər Kosovo hakimiyyətini qəbul etməyərək, Beqraddan maliyyə dəstəyi alır.