Bloq: Amerikalılar və Təbii Fəlakət

  • Əsgər Möhsümoğlu
Dünyanın başqa yerlərində adamlar tez-tez siyasətdən, məişət problemlərindən danışırlar. Amerikalılar isə havadan danışmağı sevirlər. Söhbətin hansısa hissəsində adətən havanın hazırkı durumu, dünənki hava, yaxud verilən proqnoz haqda bir fikir səslənməlidir. Xəbər proqramlarının əhəmiyyətli kəsimi də havaya həsr olunur. Bəlkə bu üzdəndir ki, amerikalılar təbii fəlakətlərə, qasırğalara, tufanlara, qar çovğunlarına kifayət qədər hazırlıqlı olurlar.


Sendi qasırğası Amerikanın şərq sahillərinə yaxınlaşmazdan uzun müddət öncə bu qasırğanın marşrutu və törədə biləcəyi bəlalar haqda spekulyasiyalar bütün medianı bürümüşdü. Metereologiyanın inkişafı sayəsində sinoptiklər qabacadan yüksək dəqiqliklə qasırğanın hansı istiqamətdə və gücdə irəliləyəcəyini proqnozlaşdırmışdılar. Qasırğa aləmi bir-birinə vurmazdan hələ üç gün öncə televizorda eşitdim ki, fırlanan Sendi supertufanı Filadelfiya ilə Baltimor şəhərləri arasında quru əraziyə daxil olacaq. Elə də oldu.

Federal hökumət, yerli rəsmilər, sakinlər həftə boyu hazırlıq işləri görürdülər. İnsanlara qum kisələri paylanır, okean sahilinə yaxın yerlərdə pəncərələr taxta lövhələrlə qapadılır, lazımi evakuasiya tədbirləri görülürdü. Qasığranın gəlişindən iki gün öncə həyətdəki bütün artıq əşyaları yığışdırmış, yerlə bərabər səviyyədə olan pəncərələrin qarşısını tutmaq üçün qum kisələri toplamışdım. İş elə gətirdi ki, yaşadığım Merilend ştatını qasırğa pis vurmadı. Əsas zərbə bizdən şimalda, Nyu York və Nyu Cersi ştatlarına dəydi. Bu gün orada milyonlarla adam işıqsızdır, sahil şəhərlərin çoxunu su basıb. Fikirləşəndə də ki, bu qasırğaya qabaqcadan nə qədər hazırlıq görülüb, fəlakətin miqyası indikindən qat-qat böyük ola bilərdi. İnsan təlafatının nisbətən azlığı və dəyən zərərin ($50 milyard!) nisbətən məhdud olması hökumət orqanlarının vətəndaşlarla əlaqələndirilmiş peşəkar səylərinin nəticəsidir.

2004-cü ildə İndoneziyanı sunami vuranda, 2005-də Pakistanda zəlzələ olanda, 2008-ci ildə Birmada siklon olanda, və nəhayət 2010-cu ildə zəlzələ Haitini viran qoyanda amerkalılar təcili yardım üçün özlərini təbii fəlakət zonasına ilk çatdıranlar sırasında idilər. Güman etmək olar ki, Amerika cəmiyyəti bu dəfə də səfərbər olaraq təbii fəlakətin nəticələrini aradan qaldırmağa özündə güc tapacaq. Qasırğa şəhərləri dağıda, su altında qoya bilər, amma sınaqlara işgüzar əhvalla sinə gərən millətin ruhunu qıra bilməz.