"Azərbaycanda Vəkillər Kollegiyası hökumətdən asılıdır" [Audio-Müsahibə]

A farmer chases a police officer during a protest against farm laws introduced by the government, in New Delhi, India.

Amerikanın Səsinə müsahibə verən Praktik Hüquqşünaslar Qrupunun üzvü Səməd Rəhimli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna nəzərdə tutulmuş dəyişiklikləri şərh edib.

Your browser doesn’t support HTML5

"Azərbaycanda cəmi bir Vəkillər Kollegiyası var, o da faktiki olaraq hökümətdən asılıdır"

Amerikanın Səsi: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyin mahiyyəti nədən ibarətdir?

Səməd Rəhimli: Bu qanun dəyişikliyinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda indiyə qədər cinayət işlərini yalnız Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar aparsa da, mülki və inzibati işlərə Kollegiya üzvü olmayan vəkillər də tərəflərin hüquqi nümayəndəsi kimi məhkəməyə çıxa bilirdi. Artıq qüvvəyə minmiş bu dəyişikliklərdən sonra işlərdə fiziki şəxslərin nümayəndəsi yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillər və onların yaxınları ola bilər. Qanunvercilikə olacaq bu dəyişiklik işlər üzrə tərəfləri məhkəmədə təmsil edəcək şəxslərin dairəsini daraltmaqla nəticələnəcək.

Ölkədəki iki yüz minə yaxın məhkəmə işi 900 nəfərin öhdəsinə düşəcək

Kimsə Azərbaycan kontekstini bilmirsə, bu dəyişiklik ona ilk baxışdan problem kimi görünmür. Bir çox ölkələrin hüquq praktikasında var ki, hüquqşünas hər hansı bir peşə birliyinin üzvü olur və bundan sonra məhkəmə işlərində iştirak edə bilir. Azərbaycanda isə problem ondan ibarətdir ki, Azərbaycandakı hüquqşunas icmasının əksəriyyəti Kollegiyanın üzvü deyil. Bunun da səbəbi Vəkillər Kollegiyasının hüquqşünas icmasını özündən kənarlaşdırmasındadır. Kollegiya üzv qəbul etməyə, öz üzv dairəsini genişləndirməyə meyilli deyil. Bundan əlavə, bu qurum hüquqi olaraq müstəqil görünsə belə, faktiki olaraq hökümət orqanlarından asılıdır. Buna görə də qurum özündə yalnız müəyyən bir qrup hüquqşünasları cəmləşdirir və müstəqil fəaliyyət göstərmək istəyən şəxsləri ya uzaqlaşdırır, ya da qəbul etmir. Bu səbəbdən də bir çox hüquqşünaslar indiyə qədər qanunverciliyin ona verdiyi səlahiyyətdən legitim olaraq istifadə edərək, Kollegiya üzvü olmadan mülki və inzibati işlərdə vəkil olaraq fəaliyyət göstərə bilirdi. Qanuna edilən dəyişiklikdən sonra isə bu, mümkün olmayacaq.

Beləliklə, yanvarın 1-dən etibarən məhkəmələrə sadəcə Vəkillər Kollegiyasının üzvü olan 900 vəkil çıxa biləcək. Yəni ölkədə olan iki yüz minə yaxın məhkəmə işini yalnız bu 900 nəfərin öhdəsinə düşəcək. Regionlarda vəkillərin sayının 200-ə yaxın olduğunu nəzərə alsaq, bu qanun dəyişikliyi əhalinin böyük hissəsinin, xüsusilə də aztəminatlı əhalinin hüquqi yardıma çatımlılığında ciddi problemlər yaradacaq.

Amerikanın Səsi: Azərbaycan vəkillər kollegiyası sonuncu dəfə 2011-ci ildə üzvlüyə qəbulla bağlı imtahan keçirib. 2016—cı ildə elan edilmiş imtahanlar isə artıq iki ildir ki, keçirilmir. Dünya praktikasında hüquqşünasın peşə birliklərinə üzv olmaq təcrübəsi necədir?

Səməd Rəhimli: Qonşu Türkiyə hüquq sisteminə nəzər yetirsək görərik ki, orada hüquq üzrə ali təhsili olan şəxsin 1 illik vəkil kimi fəaliyyət göstərməyi onun tam olaraq vəkil status almasına kifayət edir. Almaniya və alman hüququnun təsiri altında olan ölkələr üçün 1 ildən 3 ilə qədər dəyişən təcrübə tələb olunur. Bundan sonra isə müxtəlif yazılı və şifahi imtahanlardan sonra həmin şəxs vəkillik statusuna sahib olur.

Azərbaycanda cəmi bir Vəkillər Kollegiyası var və o da faktiki olaraq hökümətdən asılıdır

Bir çox ölkələrdə bu qaydalar əvvəlcədən və dürüstcə qoyulduğu üçün hüquq fakultəsini bitirən şəxslər çox rahatlıqla peşə qurumuna üzv olur. Üstəlik həmin ölkələrdə peşə qurumları vahid, mərkəzləşdirilmiş deyil, regional qurumlar olduğu üçün şəxslər çox rahatlıqla onlara üzv ola bilirlər.

Azərbaycanda isə cəmi bir Vəkillər Kollegiyası var və həmin qurum da faktiki olaraq hökümətdən asılıdır. Bundan əlavə quruma qəbul ilə bağlı test imtahanların keçilmə qaydaları məlum deyil və hazırlıq materialları əvvəldən verilmədiyi üçün potensial namizədlər nəyə hazılaşacaqlarını bilmirlər. İkinci mərhələ olaraq şifahi imtahanın isə hər hansı bir meyarı dəqiqləşdirilməyib. Yəni, siyasi fikirlərinə görə, QHT fəaliyyətinə görə, sadəcə qalstuk taxmadığı üçün müsahibədən kəsilən xeyli sayda vəkil var. Bu cür problemlərin olmasına görə də hüquqşunasların əksəriyyəti indiyə qədər Kollegiyanın üzvü olmayıblar. Bundan əlavə Kollegiya müstəqil olmadığı və siyasi işlərə çıxan şəxsləri dövlət orqanlarının şikayətləri əsasında üzvülükdən çox rahat çıxarda bildiyi üçün Kollegiya üzvü olan vəkillər siyasi işlərə çıxmağa qorxurlar.

Bütün bu problemlərin heç birini həll etmədən ölkədə hüquq peşəsinin taleyi Vəkillər Kollegiyasına həvalə olundu.

Amerikanın Səsi: Qanuna dəyişiklik yanvar ayının 1-dən qüvvəyə minəcək. Praktik Hüquqşunaslar Qrupu olaraq həmin vaxta qədər imtahan keçirilməsi ilə bağlı Vəkillər Kollegiyasına müraciət edəcəksiz?

Məqsədimiz indiki dəyişikliklərə alternativ təqdim edərək daha ədalətli peşə hüququnun təmin edilməsini tələb etməkdir

Səməd Rəhimli: Biz, Praktik Hüquqşünaslar Qrupu (PHQ) Azərbaycanda perspektiv vəkillik islahatına dair uzunmüddətli təkliflər paketini təqdim etmişik. Təkliflər paketi vəkillik peşəsinə dair beynəlxalq standartlar və Azərbaycanda vəkillik peşəsinin konseptual problemləri nəzərə alınmaqla hazırlanaraq mətbuat və sosial medialarda paylaşılıb. Məqsədimiz indiki dəyişikliklərə alternativ təqdim edərək daha ədalətli peşə hüququnun təmin edilməsini tələb etməkdir. Lakin, konkret olaraq imtahala bağlı hər hansı tələblə müraciət etməyi planlaşdırmamışıq.

Qanun qüvvəyə mindikdən sonra Praktik Hüquqşünaslar Qrupunun planlaşdırdığı məsələlərdən biri Konstitusiya məhkəməsinə şikayətin verilməsidir. Əgər Konstitusiya məhkəməsi bu ərizələri təmin etməsə və ya onlara baxmaqdan imtina etsə, bundan sonra Avropa İnsan Hüquqları məhkəməsinə gedib-getməməyi müzakirə edəcəyik.

Amerikanın Səsi: Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova qeyd edib ki, islahatlar Avropa Şurasının təkidi ilə aparılır. Bu fikir həqiqəti nə dərəcədə əks etdirir?

İradə Cavadovanın sistemli təkliflər paketinə bu cür istinadı konteksdən kənar və sui-istifadədir

Səməd Rəhimli: İradə Cavadovanın bu cür istinadı elədiyi hesabat Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Məhkəmə hüquq islahatı aparılmasına dair bir hissəsidir. Bu proqramda konkret bir tələb yox hüquqşunas monopoliyası ilə bağlı təklif var idi. Həmçinin orda təklif olunan başqa bir çox fikirlər var idi və bu dəyişikliklərə sistemli, kompleks yanaşmaq lazımdır. Yəni, ordan hüquqi monopoliyanı tətbiq edib amma qəbulu rahatlaşdırmamaq, intizam məsuliyyəti məsələsini düzəltməmək, vəkillərin sayını artırmamaq olmaz. Avropa Şurası kompleks təkliflər vermişdi və onlardan biri də bu idi ki, ölkədə Avropa təcrübəsinə uyğun olaraq normal vəkillik hüququ yaradılandan sonra bu quruma hüquqi monopoliyanın verilməsini təmin etmək. İradə Cavadovanın sistemli təkliflər paketinə bu cür istinadı konteksdən kənar istinad və sui-istifadədir.