Səid Mətinpur əli qandallı xəstəxanaya getməkdən imtina edib

Səid Mətinpur

Tehranın Evin həbsxanasının məsulları sağlıq problemlərilə əlaqədar jurnalist Səid Mətinpurun müalicə edilmək üçün xəstəxanaya məhbus geyimində və əli qandallı köçürülməsi kimi şərt irəli sürüb. Jurnalist şərtlərə etiraz etdikdə, onun xəstəxanaya köçürülməsi üçün verilmiş icazə də ləğv edilib.

Bununla bağlı İranda insan haqları pozuntuları ilə bağlı informasiya verən HRA agentliyi və Azərbaycan veb səhifələri məlumat yayıb. Mətinpurun həyat yoldaş Ətiyə Tahiri də öz facebook səhifəsində məlumatı təsdiq edib.

Səid Mətinpurun səhhəti əvvəllər ürək xəstəliyi səbəbi ilə bir neçə dəfə ağılrlaşıb, bundan əlavə onun mədəsində və onurğasında da problemlər olub. Ancaq ötən həftələrdə Amerikanın Səsinə müsahibə verən Ətiyə Tahirinin dediklərinə əsasən, cənab Mətinpurun bir neçə ildir həbsdə olduğu müddətdə onun həkim mütəxəssis tərəfindən müayinə edilməsinə icazə verilməyib.

Səid Mətinpur Tehranın Evin zindanında səkkiz illik həbs cəzasını çəkməkdədir.