Samir Kazımlı: Siyasi məhbuslara cinayətkar demək mənəvi cinayətdir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

SMDTM-i Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovaya cavab verib

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədrinin istintaq orqanları kimi QHT fəaliyyəti ilə sahibkarlıq fəaliyyətini qarışıq salması sadəcə gülüş doğurur. Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) koordinatoru Samir Kazımlının Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın SMDT-nin rəhbəri Anar Məmmədli barədə ATƏT Parlament Assambleyasının komitə iclasında dediyi fikirlərlə bağlı açıqlamasında deyilir.

ATƏT-in Parlament Assambleyasının (PA) demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitəsinin Bakıda keçirilən 23-cü sessiyasında norveçli parlamentar Bekkevoldun təklif etdiyi 44-cü düzəliş müzakirə edilərkən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova düzəlişin əleyhinə olduğunu bildirib. R.Aslanova Anar Məmmədlinin fəaliyyətində cinayət tərkibinin, onun sahibkarlıq fəaliyyətində nöqsanların olduğunu bildirib və cinayət törətdiyinə görə həbs edildiyini söyləyib.

Kazımlı deyib ki, bu R.Aslanovanın siyasi və vicdan məhbusları haqda dediyi ilk əsassız ifadələr deyil. “Təəssüf edirəm ki, o, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri ola-ola əsassız danışmaqda davam edir. Bu, artıq bir vicdan məsələsidir. Günahsız ola-ola siyasi motivlərlə həbs edilən şəxslərə cinayətkar deməyin özü mənəvi cinayətdir”.

O komitə sədrinin diqqətinə çatdırır ki, Anar Məmmədlinin işi üzrə dəqiq məlumat əldə etmək üçün beynəlxalq təşkilatların, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri dəfələrlə Anar Məmmədlinin məhkəmə proseslərində iştirak ediblər və prosesi birbaşa özləri izləyərək məlumatlar əldə ediblər. “Əgər Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri kimi onun da belə bir niyyəti olsa idi və o, bu vəzifəsinin mahiyyətini anlasaydı, yəqin Anar Məmmədlinin məhkəməsində iştirak edərdi və indi belə danışmazdı”, Kazımlı qeyd edir .

Onun sözlərinə görə Anar Məmmədli ona qarşı irəli sürülən ittihamları qondarma və əsassız hesab etdiyini dəfələrlə bildirib və bu məhkəmə prosesində də hamının gözü qarşısında sübut edilib. “Bir sıra demokratik dövlətlər, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Anar Məmmədlinin günahsız olduğunu bəyan ediblər. Hər kəs bilir ki, Anar Məmmədlinin, Bəşir Süleymanlının həbsi onların təmsil etdikləri təşkilatın - SMDT-nin seçkiləri müşahidə etməsi və bu haqda hesabatlar yayması ilə bağlıdır. O ki, qaldı sahibkarlıq fəaliyyətinə, Anar Məmmədli məhkəmədəki çıxışında bəyan etdi ki, o, həyatı boyu heç vaxt nə qanuni, nə də qanunsuz sahibkarlıqla məşğul olmayıb”.

S.Kazımlının fikrincə, Rəbiyyət Aslanovanın ən yaxşı cavabını düzəlişin qəbul edilməsinin lehinə olan şəxslər verdi və bu düzəliş qəbul edildi.